Aleksandr Səmədov Azərbaycan millisini seçməməsinin səbəbini açıqlayıb

"Azərbaycana böyük hörmətlə yanaşıram, çünki köküm oradandır, atam bu ölkədə anadan olub".

Sportline.az xəbər verir ki, bunu Rusiya milli komandasının sabiq futbolçusu Aleksandr Səmədov "Qardaşyana cavab ver" yutub kanalına müsahibəsində Azərbaycan millisindən aldığı təklifləri qəbul etməməsi barədə danışarkən deyib.

Veteran yarımmüdafiəçi bildirib ki, Rusiya yığması ilə böyük turnirlərdə iştirak etmək şansı yüksək olduğundan bu addımı atıb: "Üstəlik, mən burada doğulmuşam, Moskvada yaşamışam və anam rusdur. 15 və ya 20 yaşımda gedib Azərbaycan milli komandasında oynaya bilərdim. Amma bu, mənim şəxsi qərarım idi. Rusiya yığması ilə bütün mümkün turnirlərdə iştirak etdim. Bu da onu göstərir ki, gözləntim özünü doğrultdu".

Səmədov sonuncu dəfə 2019-cu ildə İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasında UEFA Avropa Liqasının final oyununun (4:1) səfiri kimi Bakıda olduğunu xatırladıb: "Həmin vaxt şəhəri gəzdim. Bakı çox xoşuma gəlir. Gözəl şəhərdir. İçəri şəhər xüsusilə möhtəşəmdir. Hər kəsə oranı görməyi məsləhət görürəm. Əmim Azərbaycanda yaşayır və tez-tez əlaqə saxlayırıq".

Tanınmış futbolçu özünü həm rusiyalı, həm də azərbaycanlı kimi hiss etdiyini söyləyib: "Yaş artdıqca öz kökün haqqında daha çox bilmək, öyrənmək istəyirsən. Düzdür, burada anadan olmuşam. Rusiyanı, Moskvanı sevirəm. Bura mənim üçün dünyanın ən yaxşı şəhəridir. Amma mənim köküm Azərbaycandandır. Hər iki ölkənin mədəniyyəti haqqında çox şey bilirəm".

2015-ci ildə vəfat etmiş atası Sergey Səmədov haqqında xatirələrini bölüşən Səmədov onun ciddi insan olduğunu vurğulayıb: "Çox sərt idi. Oyunum xoşuna gəlməyəndə məni təbrik etmirdi. Artıq xasiyyətinəbələd idim. Bilirdim ki, sözlə məni məhv edəcək. Hazırda 3 oğul atasıyam. Amma mən özümü atam kimi apara bilmərəm. Onun münasibəti məni sərtləşdirirdi. Mənə deyirdi ki, həyatda hər şeyə özün nail olmalısan. Ən önəmli fikri isə belə idi: həyatda yeni dostların ola bilməz. Əsl dostların sayı maksimum 1-2 nəfərdir. Qalanları sənin tanışlarındır. Onlar nə vaxtsa səni çıxılmaz vəziyyətdə qoya bilərlər".