Almaniya klubları AVRO-2020-yə görə karantinə göndərilir
Almaniyanın I və II Bundesliqasında çıxış edən futbol klubları Avropa çempionatından əvvəl mövsümü vaxtında bitirmək üçün təcrid olunacaqlar.
Sportline.az Almaniya Futbol Liqasının (DFL) saytına istinadən xəbər verir ki, qurum hər iki yarışda son 3 turun oyunlarının sərt karantin tədbirləri altında keçirilməsinə qərar verib.
Mayın 3-dən oyunçular və məşqçi heyəti yalnız evdə, məşq bazasında və stadionlarda olacaqlar. Onlar koronavirus testindən keçdikdən sonra mayın 12-də karantin düşərgəsinə yollanacaqlar. Orada futbolçu və məşqçilərin yalnız bir-biriləri ilə ünsiyyətdə olmasına icazə veriləcək. Bu müddət mayın 23-də başa çatacaq.
Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.