Almaniya Qran-prisi yekunlaşdı
Formula 1 üzrə mövsümün sayca 11-ci yarışı olub.
Sportline.az xəbər verir ki, gərgin və maraqlı mübarizə şəraitində keçən Almaniya Qran-prisində pilotlar 292,7 km məsafəni qət ediblər. 64 dövrədən ibarət yarış yağışlı hava şəraitinə görə qəzalarla zəngin olub.
Qran-prinin qalibi “Red Bull” komandasının hollandiyalı pilotu Maks Ferstappen olub. O, finiş xəttini 1 saat 44 dəqiqə 31,275 saniyəyə keçib. Ferstappenin ən yaxın izləyicisi Sebastyan Fettel olub. “Ferrari” kollektivinin almaniyalı sürücüsü liderdən 7,333 saniyə geri qalıb. İlk 3-lüyü isə 25 yaşlı rusiyalı Daniil Kvyat tamamlayıb. 7 pilot – Pyer Qasli, Valtteri Bottas, Niko Hulkenberq, Şarl Lekler, Lando Norris, Daniel Rikkardo və Serxio Peres yarışı yarımçıq dayandırıb.
Bu dəfə ilk 10-luğa belə düşə bilməyən “Mersedes” komandasının üzvü Lüis Hemilton ümumi sıralamada liderliyini davam etdirir. Onun hesabında 223 xal var. Hemiltonun komanda yoldaşı Valtteri Bottas isə 184 xalla ikinci pillədədir. Hesabında 162 xal olan Maks Ferstappen isə 3-cüdür. Qeyd edək ki, növbəti Qran-pri avqustun 2-dən 4-dək Macarıstanda olacaq.