AVRO-2020: Roma da azarkeş qəbul edəcək
Avro-2020-yə ev sahibi olan şəhərlərdən biri Roma da matçlarda azarkeş qəbul edəcək.
Sportline.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina danışıb. O, tezliklə UEFA-ya Olimpiya stadionunun 25 faizi nisbətində azarkeş qəbul edəcəklərinə dair təminat vermək haqqında rəsmi sənəd göndərəcəklərini deyib:
“İtaliya və Roma bu tədbirə hazırdır. Dövlətin Avro-2020-yə azarkeş qəbul etmək üçün icazə verməsi möhtəşəm bir xəbərdir. Bunu tezliklə UEFA-ya bildirəcəyik. Bu qərar koronavirus pandemiyasına qarşı mübarizə aparmağa çalışan İtaliyanın cəsarətini göstərir”.
Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il 11 iyun - 11 iyula təxirə salınıb. 4 oyunu Bakıda keçiriləcək yarışa ev sahibliyi edəcək 12 şəhərdən artıq 8-i azarkeşlərlə bağlı UEFA-ya təminat verib. Bunlar Bakı, Amsterdam, Budapeşt, Buxarest, Qlazqo, Kopenhagen, London və Sankt-Peterburq şəhərləridir.