Avrokuboklardakı ilk təmsilçimiz məlumdur

Voleybol üzrə avrokubokların 2020/21 mövsümündəki təmsilçilərimizdən biri bəlli olub.
 
Bu, Bakının "Azərreyl” klubudur.
 
Koronavirus pandemiyası üzündən dayandırılan və bərpa olunmadan başa çatan Azərbaycan Super Liqasının liderinə ölkəmizi qitə miqyaslı turnirdə təmsil etmək hüququ verilib. Yarış başa çatmasa da, Azərbaycan Voleybol Federasiyası ölkənin ən köklü klubunun yenidən Avropada iştirakını məqsədəuyğun sayıb.
 
Paytaxt təmsilçisi Çelenc kubokunda mübarizə aparacaq. Azərbaycan və "Azərreyl” bununla da bir illik fasilədən sonra qitə səhnəsinə qayıdacaq.
 
Ölkəmizi Çelenc kubokunda təmsil edəcək digər klubun isə kişilərdən ibarət Azərbaycan Yüksək Liqasının lideri "Murov” olacağı gözlənilir. 
 
Qeyd edək ki, Azərbaycan Çempionlar Liqasında oynamaq hüququna malik olsa da, qitənin ən yüksək səviyyəli yarışına qatılmayacaq. (Apasport.az)