Avropa çempionatı: Daha üç taekvondoçumuz dayanqa çıxır

Bu gün daha üç taekvondoçumuz Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında mübarizəyə başlayacaq.

Sportline.az xəbər verir ki, üçüncü yarış günündə 74 kq çəki dərəcəsində çıxış edən Ayxan Tağızadə 1/16 finalda Atman Bouthouyakla (Fransa) üz-üzə gələcək.

80 kq-da yarışan Avropa və ikiqat dünya çempionu Milad Beigi Hərçəqani 1/8 finalda David Simek (Çexiya) - Oleksandr Filippov (İsrail) cütünün qalibi ilə qarşılaşacaq.

Qadınların yarışında Fəridə Əzizova (67 kq) isə 1/8 finalda Natalia İuleva (Belarus) - Elin Johansson (İsveç) duelinin güclüsü ilə görüşəcək.

Qeyd edək ki, ilk yarış günündə Minayə Əkbərova (46 kq) bürünc medal qazanıb. Avropa çempionatına aprelin 11-də yekun vurulacaq. Azərbaycanı yarışda 11 taekvondoçu təmsil edir.