Avropa çempionatında daha 10 medal

Türkiyənin İstanbul şəhərində taekvondo üzrə keçirilən klublararası Avropa çempionatı davam edir. Taekvondo Federasiyasından SportLine.az saytına verilən məlumata görə, yarışın ikinci günü yığmamızın üzvləri 10 medal qazanıb.

Gənclərdən ibarət komandamızın heyətində Cavad Ağayev (63 kq), Taleh Süleymanov (73 kq), Minayə Əkbərova (44 kq) və Sevda Pirseyidova (49 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda məğlub olan Xanoğlan Kərimov (48 kg), Ayaz Qənbərli (51 kq) və Ofeliya Allahverdiyeva (42 kq) gümüş medala yiyələniblər.

Digər taekvondoçularımızdan Nihad Abbasov (45 kq), Bəhruz Quluzadə (48 kq) və Yaşar Məmmədli (51 kq) isə bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, çempionatın ilk günündə Fatimə Həsənova (33 kq) yeniyetmələrin mübarizəsində 3-cü yeri tutub.