Avropa çempionu olan komandamız Vətənə döndü

Macarıstanda keçirilən Avropa çempionatında komanda hesabında 1-ci yeri tutan sərbəst güləş üzrə Azərbaycan seçməsi bu gün Vətənə qayıdıb.

Sportline.az xəbər verir ki, Budapeştdə baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 1 qızıl, 4 gümüş və 2 bürünc medalla komanda hesabında Avropa çempionu olan yığmamızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin və Güləş Federasiyasının rəsmiləri, məşqçilər, idmançılar və milli üzvlərinin yaxınları qarşılayıb.

Brifinqdə çıxış edən baş məşqçi Namiq Abdullayev yarışdan əvvəl gənc güləşçilərin Prezident İlham Əliyevlə görüşünü xatırladıb:

“Bu qələbə münasibətilə xalqımızı, cənab prezident İlham Əliyevi və 1-ci vitse-prezident Mehriban Əliyevanı, Milli Olimpiya Komitəsini, Gənclər və İdman Nazirliyini və Güləş Federasiyasını təbrik edirəm. Bir neçə gün bundan əvvəl U-23 Avropa çempionatında da komanda hesabında çempion olmuşduq. Həmin yarışdan sonra cənab prezident bütün heyəti qəbul etdi. Təbriklərini çatdırdı, tövsiyələrini verdi. Əlbəttə, bu idmançılar üçün böyük stimul oldu. Onun diqqət və qayğısını daim hiss edirik".

51 yaşlı çalışdırıcı ayrı-ayrılıqda idmançıların çıxışını dəyərləndirib: "Bolqarıstanda medal qazanan idmançılardan Zirəddin Bayramov, Əşrəf Aşırov və Aydın Əhmədov böyüklərin qitə birinciliyində də iştirak etdi. Zirəddini bu dəfə çempion olduğu 65 kq-da yox, 70 kq-da sınadıq. Zədəsi və hakimlərin qeyri-obyektivliyi onu medalsız qoydu. Əşrəf gümüş medal qazandı. Hətta çempion da ola bilərdi. Aydın da bir mərhələ keçməklə komandanın hesabına xallar yazdı.
Əlbəttə, 4 finalçımızdan qızıl medal gözləyirdik. Əliabbas Rzazadənin (57 kq) final görüşündə də hakim səhvi oldu. Hacı Əliyev (65 kq) toplanışlara bir qədər gec qoşuldu. Ona görə də pik formada deyildi. Məhəmmədxan Məhəmmədov (97 kq) ilk dəfə Avropa çempionatında ölkəmizi təmsil edirdi. Bütün görüşləri inamla keçirdi. Təcrübəli güləşçilərə qalib gəldi və gələcək adına ümid verdi".

Abdullayev qarşıdakı yarışlara hazırlıqla bağlı bunları deyib: "Bizi İslam Həmrəyliyi Oyunları və dünya çempionatı gözləyir. Ona qədər İtaliyada keçiriləcək reytinq turnirində də əsas heyət üzvlərinin iştirakı nəzərdə tutulub. Bu yarışlara hazırlıq məqsədilə müxtəlif yerlərdə təlim-məşq toplanışarı keçməyi planlaşdırırıq”.

Avropa çempionu Məhəmmədxan Məhəmmədov (97 kq) yarışdan qızıl medalla döndüyü üçün çox sevincli olduğunu bildirib: "Bu nəticəni qazanmağımda əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Göstərdiyi diqqət və qayğıya görə federasiya rəhbərliyinə və bizi bu yarışa yüksək səviyyədə hazırlaşdıran yığma komandanın məşqçilərinə minnətdaram”.

Avropa çempionatını gümüş medalla başa vuran Hacı Əliyev (65 kq) yarışa tam hazırlıqlı yollanmadığını qeyd edib:

“İlk növbədə bu gözəl qələbə münasibətilə xalqımızı təbrik edirəm. Həqiqətən uşaqlarımız çox yaxşı güləşdilər. Olimpiadadan sonra bir neçə ay fasilə götürdüm. İstirahəti başa vurduqdan sonra düşündüm ki, cəmi 2 ildən sonra növbəti Olimpiya Oyunlarıdır və Paris-2024-də iştirak edə bilərəm. Artıq gələn il ilk lisenziya yarışı olacaq. AÇ öncəsi millinin sonuncu təlim-məşq toplanışında iştirak etdim. 4-cü dəfə Avropa çempionu olmaq istəyirdim. Ancaq tam hazır deyildim. Şükür Allaha, yenə də medalsız gəlmədim. Yaxşı nəticə göstərdim. Hədəfim Olimpiya çempionu olmaqdır. İnşallah, Parisdə qızıl medal qazanaram.

31 yaşlı üçqat dünya və üçqat Avropa çempionu AÇ-nin finalında qarşılaşdığı İsmayıl Musukayevin məğlubedilməz rəqib olmadığını söyləyib:

"İlk hissədə ayağım ilişdi və “xaç” fəndinə görə rəqib 6 xal qazandı. Özümdən asılı olmadan bu vəziyyətə düşdüm. Onun məndən güclü və məğlubedilməz olduğunu düşünmürəm. Sadəcə, bu dəfə görüş alınmadı. Bu, Olimpiadadan sonra ilk yarışım idi. Məndən fərqli, digər komanda yoldaşlarımın yarış təcrübəsi var idi. Bu da finalda rol oynadı".

Təcrübəli güləşçi komanda yoldaşlarının çıxışı barədə də danışıb: "Məhəmmədxan güclü güləşçidir. Üzərində çalışsa, olimpiya çempionu ola bilər. Ancaq tək o yox, başqa olimpiya çempionu ola biləcək güləşçilərimiz də var. Heyətimizdə məndən başqa hamısı gəncdir. Avropa çempionatındakı qələbə Paris-2024-də bizi yaxşı nəticələrin gözlədiyini göstərir”.