Ayxan Abbasov "açdı sandığı, tökdü pambığı"

"Sumqayıt" üçün son mövsüm Premyer Liqada çıxış etdiyi bu 9 ildə ən uğurlusu olaraq, 4-cü yerin sahibi kimi ilk dəfə avrokuboklara vəsiqə qazanmaqla nəticələndi. Avropa Liqasında ölkəmizi təmsil edəcək Ayxan Abbasovun komandası Qəbələ hazırlığını başa vuraraq geri dönüb. Ancaq keçirilən yoxlama matçları sumqayıtlılar üçün uğursuz oldu. "Gənclik şəhəri"nin təmsilçisi keçirdiyi hər 3 oyunda meydanı məğlub tərk etdi. Abbasov toplanışın yekunlarıyla bağlı sualları cavablandırıb.

- Azarkeşlər ümid edirdilər ki, "Sumqayıt" Avroliqaya vəsiqə qazandıqdan sonra sponsorlar kluba daha çox diqqət ayıracaqlar. Belə məqamda vəziyyətin əksinə olmağı sizə təsir edə bilər?

- İlk öncə hazırkı real duruma baxmaq lazımdır. Bu gün pandemiya bir çox sahələrə ziyan vurduğu kimi, futbola da təsir edib. Biz də fikirləşirdik ki, Avroliqaya vəsiqə qazanaq və heyətimizi qoruyaq. Bunun üçün də əlavə maliyyə tələb olunur. Futbolçulara isə daha yaxşı təkliflər var idi. Onları da yüksək maaşla klubda saxlamaq büdcəmizə uyğun gəlmirdi. Düzdür, bu gün sponsorlarımız heç bir şeydən boyun qaçırmırlar. Yenə də öz öhdəliklərini yerinə yetirirlər. Sadəcə, gedən oyunçuları yüksək məvaciblə saxlaya bilməzdik. Pandemiya olmasaydı, vəziyyətimiz bəlkə də daha yaxşı ola bilərdi, büdcəmiz artardı. Hazırda üzərimizə düşən vəzifə bu durumdan çıxıb maksimum hazır olmaqdır. Bu yöndə də işlərimiz davam edir.

- "Səpələnməmişlər" səbətində yer almısınız və təsnifat mərhələsi artıq bir oyundan ibarətdir. Ümid nəyədir?

- Əlbəttə, çox çətindir. Digər səbətdə olsaydıq belə, demək olmaz ki, asan qələbə qazana bilərdik. Bu fikirlə razı deyiləm. Bu gün hər bir komanda futbol oynayır. Hətta digər ölkə komandaları da istəyirlər ki, Azərbaycan klubları ilə düşsünlər. Çox şey püşkatmadan asılı olacaq. Bir oyun daha məsuliyyətlidir - sığortamız yoxdur. Səfərdə oynamalı olsaq, daha çətin olacaq. Komandaların çoxu evdə daha yaxşı oynayır. Buna baxmayaraq, yaxşı nəticə qazanmağa ümidliyik. Klub olaraq təcrübəmiz artacaq, futbolçularımız Avropa arenasını görəcək. Buna görə sevinirik. "Sumqayıt" 10 ildən sonra avrokuboklarda iştirak edən klublarımız sırasına qoşuldu. Bu faktın özü böyük işdir. Başlanğıc üçün yaxşı haldır. İnşallah, bizim üçün uğurlu püşkatma olar. Orda çətin rəqiblər də çoxdur. Bu haqda püşkatmadan sonra daha dəqiq danışmaq olar.

- "Sumqayıt" fanatları çox çılğındırlar, komandalarını çox sevirlər. Hazırki durumda isə hər iki komanda azarkeşsiz oynamalı olacaq. Bu səbəbdən evdə ya səfərdə oynamaq fərq edəcək?

- Evdə oynasaq, üstünlüyümüz çox olar. Azarkeş olsaydı, daha mükəmməl olacaqdı. Sumqayıtda futbol olanda, hər zaman bayram olurdu. Avrokuboklarda isə daha böyük bayram olacaqdı. Bu gün istənilən halda bizə evdə oynamaq sərf edər. Çünki həm daha rahat hazırlaşa bilərik, həm də maddi tərəfdən səfər xərclərinə qənaət etmiş olarıq. 

- Boş tribuna belə sizə əlavə güc verəcək?

- Əlbəttə! Sumqayıtda oynamaq bizə motivasiya verər.

- Qəbələ toplanışı haqda fikirləriniz nədir? Razı və ya narazı qaldığınız məqamlar hansılardır?

- Hazırkı vaxtda bu cür toplanış keçmək belə, super idi. Nəzərə alsaq ki, karantin şəraiti ilə bağlı toplanmağımız belə sual altında idi. Qəbələyə gəlməyimiz, buradakı şərait həqiqətən mükəmməl oldu. Buradakı meydançalar, otel yaxşıdır, hər bir şərait var. 16 iyuldan burdaydıq. Bu zaman ərzində əsas olaraq çalışdıq ki, futbolçuların fiziki durumu istədiyimiz səviyyəyə gətirək. Bu yöndə də məşqlərimiz davam edir. Oyunlar keçiririk. Təəssüf doğuran hal da odur ki, heyətimiz tam komplektləşməyib. Bəzi mövqelərdə oyunçular var ki, istərdim bizimlə olsunlar, toplanışı birgə keçək. Buna baxmayaraq, növbəti toplanış Bakıda, yaxud Qəbələdə keçiriləcək və həmin zaman vaxtımız olacaq. Ümumilikdə  isə toplanışdan razıyam. Futbolçular istəklidirlər, əzmkardırlar. Hara hazırlaşdığımızı bilirlər. Əvvəlki illərdə Antalya toplanışında olurduq. Orda xarici komandalarla oynamaq əlavə təcrübə qazandırırdı. Burda isə Premyer liqa klubları öz aralarında yoldaşlıq görüşləri keçirdilər. Bu məqamlar heyfsləndirsə də, burdakı şərait də sevindirici oldu. "Qəbələ" klubuna təşəkkür etmək lazımdır ki, bizi də, digər klubları da nə lazımdırsa, təmin etdilər. Klublar burda bir-birinə dəstək oldular. Hazırki pandemiya dönəmində hər kəs məmnun oldu.

- Komandadan çox oyunçu, heyətə düşə bilməyən futbolçu gedə bilər. Bu normaldır. "Sumqayıt"dan gedənlərin hamısı isə əsas heyət oyunçuları oldu. Bu qədər aparıcı futbolçuları itirən "Sumqayıt" transfer bazarında nəinki passiv durumdadır, ümumiyyətlə, yoxdur...

- İlk öncə onu deyim ki, ilyarımdır burdayam, bir sistemimiz var və onunla da çalışırıq. Düzdür, gedən futbolçunu əvəz edəcək geniş heyətimiz yoxdur və buna görə də ayrılan hər oyunçu bizim üçün önəmlidir. Bilirsiniz ki, keçən il də gənclərə üstünlük vermişdik. Burdakı yoldaşlıq oyunlarında da onlara şans veririk və artıq onlar da inkişaf edirlər. Buna baxmayaraq, razı deyiləm ki, hansısa futbolçunun getməyi ilə "Sumqayıt" tam zəifləsin. Ola bilər gətirəcəyimiz futbolçu gedən oyunçudan zəif olar, amma bəlli bir sistemimiz var. Və istəyirik ki, "Sumqayıt" oynayanda, meydanda o sistem görünsün. Bu istiqamətdə də işlərimiz davam edir. Bu gün meydanda 19 yaşlı gənc də olsa, 29 yaşlı milli üzvü də olsa, tələbimiz eynidir. Həmin sistem üzərində çalışırıq. Düzdür, buna da vaxt lazımdır. Hər bir məşqçinin istəyi odur ki, eyni futbolçularla 3-5 il ardıcıl çalışsın. Bu məşqçinin üstünlüyüdür. Bu gün boşluq olan mövqelərimiz var ki, tez bir zamanda transfer edə bilsək, tam da olmasa, 50-60 faiz qoruya bildiyimiz heyətin yanında onlar da daha tez komandaya uyğunlaşa bilərlər. Razıyam ki, transfer üçün gecikirik. Burda da bizdən asılı olmayan səbəblər var. Çalışırıq ki, yaxın zamanda bu çətinliyi də həll edək.

- "Sumqayıt" qarşıdakı mövsümdə də iddialı olacaq?

- Hər bir işdə hədəfin olmasa, bu, zəifliyindir. Sadəcə, bəzi gerçəklər var ki, bunları qəbul etməlisən. Biz də qəbul edirik ki, bu gün "Neftçi", "Qarabağ" kimi klublarla rəqabətdə çətinlik çəkəcəyik. Düzdür, bu o demək deyil ki, onlarla oyunda asan məğlub olacağıq. Hədəfimiz meydanda məğlub olmayan, mübariz komanda qurmaqdır. Nəticəyə heç kim təminat verə bilməz. Buna baxmayaraq, təminat verə bilərəm ki, meydançada əzmkar, istəkli futbolçuları görə biləcəyik.

- Ötən mövsümün əvvəlində demişdiniz ki, gənc komandayıq və hansısa nəticəyə söz vermirəm. Döyüşəcəyik, amma yuxarə pillələr uğrunda mübarizə aparmayacağıq. İndi isə "hədəfimiz var" deyirsiniz. Ötən il hədəfsiz 4-cü pillədə qərarlaşan komanda qarşıdakı mövsümdə bu hədəflə üçüncülük uğrunda oynayacaq?

- Hədəf deyəndə, hansısa yüksək pilləni nəzərdə tutmuram. Çempionat bitəndən sonra klub rəhbərliyi ilə çox söhbətimiz oldu. Həmin vaxt artıq bir çox futbolçu komandanı tərk etmişdi və belədə qarşıma hansısa məqsəd qoymaq düzgün olmazdı. Klub prezidenti Riad Rəfiyevlə peşəkar söhbətimiz oldu. O da ilk öncə mənə dedi ki, klubda qalmağımı istəyir. Mən də komandanın bu durumunda kənara çəkilmək istəmədim. Mənə görə bu, zəiflik olardı. Avroliqa öncəsi gedən futbolçulardan sonra mənim də getməyim və klubun baş məşqçi axtarması, sıfırdan işlərə başlaması düzgün olmazdı. Bütün bunları nəzərə alan Riad Rəfiyev də qarşıma böyük hədəflər qoymadı. Sadəcə olaraq yaxşı, mübariz heyət qurmağımı istədi. Bu gün də deyirik ki, turnir cədvəlindəki hansısa pilləni qarşımıza hədəf qoymamışıq. Gələn il də avrokuboklara getmək kimi bir məqsədimiz yoxdur. Təbii ki, "çempionatda boş-boşuna oynamalıyıq" da deyilməyib. Mübarizə aparacayıq. Bu gün heç bir komanda "meydançaya məğlub olmağa çıxıram" deyə bilməz. Qalib gələndə istər-istəməz həm maddi qazanc olur, həm klubun adı yüksəlir. "Hədəf yoxdur" demək, şablon bir ifadədir, komanda üzərindən stress atmaqdır. İlk "4-lük"də də ola bilərik, "6-lıq"da da. Sadəcə, heyət baxımdan digər klublardan geri qalırıq.

- Transfer bazarında passiv olan "Sumqayıt" nə vaxt aktivləşəcək və hansı mövqelərə futbolçu gözlənilir?

- Həyatda mənim üçün belə bir amal var ki, əsas start deyil, finişdir. Ola bilər bizdən öncə start verənlər var, amma əsas finişdə hamıdan yaxşı olmaqdır. (sport24.az)