Azərbaycan idmançısı beynəlxalq paralimpiya yarışlarında iştirak hüququ qazanıb

Azərbaycan paralimpiyaçısı Polad Rzayev ABŞ-nin Kolorado ştatında Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən keçirilən tibbi təsnifatda iştirak edib.

Sportline.az xəbər verir ki, idmançımız paralimpiyanın dağ xizəyi idman növündə LW3 kateqoriyası (dizdən aşağı iki ayağın amputasiyası) üzrə ömürlük iştirak hüququna yiyələnib.

Bununla da o, beynəlxalq yarışlarda və Qış Paralimpiya Oyunlarına lisenziya xalları qazandıran turnirlərdə iştirak edə biləcək. Onun yarışlara hazırlığı və iştirakı üçün Milli Paralimpiya Komitəsi ilə Azərbaycan Qış İdman Növləri Federasiyası arasında qarşılıqlı əməkdaşlıq qurulub.