Azərbaycan idmançısı dünya reytinqinin lideridir
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq siyahısını açıqlayıb.
Sportline.az xəbər verir ki, cüdoçularımızdan 7-si ilk "10-luq"da qərarlaşıb.
Kişilərin 90 kiloqram çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyev iki pilləlik irəliləyişlə birinci sıraya yüksəlib. 29 yaşlı üçqat Avropa mükafatçısının hesabında 4657 xal var.
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən sonuncu Avropa çempionatının qalibi Hidayət Heydərov (73 kq) 3920 xalla əvvəlki kimi 3-cüdür. Eyni çəkidəki Rüstəm Orucov (2247) dörd pilləlik irəliləyişlə altıncı yerə qalxıb.
Mövqeyini bir pillə yaxşılaşdıran yığmanın yeni milliləşmiş üzvü Səid Mollayi (81 kq) 2734 xalla 6-cıdır.
Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) hərəyə iki pillə geriləməklə, müvafiq olaraq, 6 və 7-cı sıralarda qərarlaşıblar. Hüseynov 2262, Səfərov 2605 xala sahibdir.
100 kiloqramdan yuxarı çəkidə çıxış edən gürcüstanlı legioner Uşanqi Kokauri isə 2732 xalla səkkizinci sırada yer alıb.
Digər cüdoçularımıza gəldikdə, Zelim Kotsoyev (100 kq) 11-ci, Balabəy Ağayev (60 kq) 12-ci, Elmar Qasımov (100 kq) 18-ci, Murad Fətiyev və Elcan Hacıyev (hər ikisi 81 kq) müvafiq olaraq, 19 və 20-ci pillələrdədirlər.