Azərbaycan Premyer Liqasının formatı dəyişdiriləcək

“Növbəti mövsüm üçün yeni format fikirləşmişik. Bu da çempionatın daha maraqlı və gərgin olmasına xidmət edəcək”.

Sportline.az xəbər verir ki, bunu apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Bu gün keçirilən seçkilərdə növbəti dəfə PFL rəhbəri postuna seçilən Musayev növbəti mövsüm Premyer Liqada komanda sayının artacağını söyləyib. Onun sözlərinə görə, yarış yeni formatda baş tutacaq: “2021/22 mövsümündə komanda sayını artırmağı nəzərə tuturuq. İnşallah, ölkəmizdə heç bir problem olmaz. Hər şey qaydasında gedərsə, növbəti mövsüm Premyer Liqa 10 komandanın iştirakı ilə keçiriləcək. Düzdür, bunu cari mövsüm etmək istəyirdik. Lakin məlum səbəblərdən alınmadı”.

Musayev elitaya cəlb olunacaq komandaların bölgə təmsilçiləri olacağını əlavə edib: “Premyer Liqaya yeni qoşulacaq komandaların kimliyi barədə indidən nəsə desəm, yanıla bilərəm. Amma mütləq bölgə komandaları olmalıdır. 10 komanda ilə mübarizə aparsaq belə, 4 dövrəli çempionat keçiriləcək. Ancaq fərqli format olacaq ki, çempionat gərgin alınsın”.