Azərbaycanda taekvondo üzrə mötəbər yarış təşkil olunacaq

Azərbaycan Taekvondo Federasiyasının (ATF) yenidən prezidenti seçilən Kəmaləddin Heydərov vaxt məhdudiyyətinə görə mətbuat konfransına qatıla bilməyib.

Sportline.az xəbər verir ki, bu barədə jurnalistlərə federasiyanın vitse-prezidenti Nağı Səfərov məlumat verib. Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyində təşkil olunmuş hesabat-seçki konfransında K.Heydərov növbəti 5 ildə də quruma rəhbərlik edəcək.

Taekvondoda idmançılara hər zaman diqqət və qayğının olduğunu vurğulayan federasiya rəsmisi bu səbəbdən, K.Heydərova yenidən etimad göstərildiyini əlavə edib. Onun sözlərinə görə, toplantıda nizamnaməyə dəyişikliklər də təsdiqlənib.

"Uzun müddətdir ölkəmizdə dünya çempionatı keçirmək istəyirdik. Növbəti mötəbər yarışlardan birini Azərbaycanda təşkil etməyi planlşdırırıq", - deyə N.Səfərov əlavə edib.

O, titullu taekvondoçu Radik İsayevin Azərbaycan yığmasında karyerasını davam etdirəcəyini də təsdiqləyib: "Müntəzəm olaraq, taekvondoçularla maraqlanır, problemlərini həll edirik. Hər idmançı karyerasında uğur qazanmaq istəyir. Radik İsayev Tokio olimpiadasında uğursuz çıxış etdikdən sonra bu fikrə düşmüşdü. Karyerasını davam etdirəcək. Yekun qərarını 2022-ci il dünya çempionatından sonra verəcək".

N.Səfərov digər taekvondoçu Milad Beigi Harçeqaninin hərbi xidmət məsələsini həll etdiyini diqqətə çatdırıb: "Milad Azərbaycanda idi, komanda üzvləri kimi tətilə buraxıldı. Yanvarın 5-də burada olacaq".

Federasiya vitse-prezidenti taekvondoçuların Tokio-2020 Yay Olimpiya Oyunlarında medal qazana bilməmələrinin səbəblərinə də toxunub: "Olimpiadadakı uğursuzluqda baş məşqçidən sonra zamanın günahı oldu. Çünki onlar pandemiya şəraitində çıxış etdilər. Baş məşqçi Reza Mehmandust planın cəmi 15 faizini yerinə yetirə bilmişdi. Bunları nəzərə alaraq, qərar verdik ki, növbəti olimpiadayadək onunla davam edək".