Azərbaycanı Avropa kubokunda təmsil edəcək komandalar bilindi

Azərbaycanı avrokuboklarda təmsil edəcək həndbol klubları müəyyənləşib.

Sportline.az xəbər verir ki, yarışlarda iki kişi və iki qadın komandası mübarizə aparacaq.

Kişi həndbolçular arasında sonuncu Azərbaycan çempionatının qalibi “Kür” və gümüş mükafatçı “Bakı” qitə yarışına qatılacaq. Avropa Kuboku turnirində ilk mərhələdən azad olan təmsilçilərimiz mübarizəyə ikinci raunddan qoşulacaqlar.

Ümumilikdə bu mərhələdə qitənin 55 komandası yarışacaq. İlk mərhələdən gələn 9 komanda ilə iştirakçılar mübarizəni 1/32 finaldan davam etdirəcəklər.

İkinci raundun ilk oyunları oktyabrın 11-12-də, cavab matçları isə 18-19-da keçiriləcək.

Qadın həndbolçuların Avropa Kuboku turnirində isə ölkəmizi Azərbaycan çempionu “Azəryol” və 3-cü yerin sahibi “Kür” təmsil edəcək. Bütün komandalar yarışa ikinci mərhələdən start verəcəklər. Burada 50 komanda mübarizə aparacaq. Reytinq xalı yüksək olan digər 7 klub isə turnirdə 3-cü mərhələdən çıxış edəcək.

İkinci raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları isə oktyabrın 4-5-də baş tutacaq.