Azərbaycanı yeni idmançı təmsil edəcək

Karyerasını bitirmiş Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabovanı Səbinə Əliyeva əvəzləyib.

Sportline.az Azərbaycan Qış İdmanı Növləri Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni idmançı beynəlxalq yarışlarda Vladimir Litvintsevlə birlikdə mübarizə aparacaq.

Rusiyanın Vladivostok şəhərində doğulmuş Əliyeva əvvəlcə qonşu ölkəni təmsil edib. Daha sonra o, öz istəyi ilə Azərbaycan yığmasında çıxış etməyə başlayıb. Hazırda o, 14 yaşındadır.

Ryabova isə səhhətində yaranan problemlə əlaqədar idmanla vidalaşıb. Federasiya ona Azərbaycanı beynəlxalq yarışlarda təmsil etdiyi üçün təşəkkürünü bildirib və gələcək işlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Yekaterina Ryabova kiçik yaşlarından Rusiya yığmasında çıxış edib. 2019-cu ilin yanvarında o, Azərbaycan yığmasının heyətinə daxil edilərək, Avropa və dünya çempionatlarına aparılıb. Ryabova 3 il öncə beynəlxalq "Ice Star" turnirinin bürünc mükafatçısı olub.

Fiqurlu konkisürən Pekin-2022 Qış Olimpiya Oyunlarında fərdi proqramda 15-ci yeri tutub.