Azərbaycanın daha iki boksçusu yarımfinala yüksəldi

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçular arasında Avropa birinciliyində 1/4 final mərhələsinə yekun vurulub.

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin daha 2 idmançısı bu mərhələni qələbə ilə başa vuraraq yarımfinala yüksəlib.

48 kq-da Nihat Qasımov Mixael Reilli (İrlandiya) ilə qarşılaşıb. O, rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Səftər Məmmədzadə (+80 kq) də adını yarımfinala yazdırıb. O, Boqdan Bajzerti (Polşa) mübarizədən kənarlaşdırıb. Rəqib 3-cü raundda zədələndiyi üçün həkimlər görüşün davam etməsinə icazə verməyib və üstün olan Məmmədzadə qalib elan olunub.

Hər 2 boksçumuz yarımfinala yüksəlməklə özləri üçün bürünc medalı da təmin ediblər.

Qeyd edək ki, daha öncə Aylin Nəzərova (48 kq) və Əminə Tağı (52 kq) da bu hüquqa yiyələnib. Yarımfinal döyüşləri bu gün keçiriləcək