Azərbaycanlı futbolçu Polşa klubunda

Azərbaycanlı qapıçı Şahin Zəkiyev karyerasını Polşa klubunda davam etdirməyə yaxındır.

Sportline.az xəbər verir ki, "Səbail"dən ayrıldıqdan sonra bir müddət klubsuz qalan, yanvarın əvvəlində "Turan Tovuz"la danışıq aparan 22 yaşlı qapıçı hazırda 4-cü liqa təmsilçisi "Sokol Slopniçe"nin düşərgəsindədir. 

Məlumatı saytımıza təsdiqləyən Zəkiyev bu gün müqaviləyə imza atacağını deyib: "Turan Tovuz"la anlaşa bilmədik. Ümumiyyətlə, Azərbaycanda klub tapmaq müşküldür. Odur ki, Polşaya gəldim. "Sokol Slopniçe"yə keçidim gözlənilir. Gün ərzində klub rəhbərliyi ilə son görüşümüz olacaq. Çox güman ki, münasibətləri rəsmiləşdirəcəyik. Rəsmiləşən kimi sizə məlumat verəcəyəm".

Qeyd edək ki, "Keşlə"nin yetirməsi olan Zəkiyev 2021-ci ilin noyabrda Polşanın digər aşağı liqa təmsilçisi "Mamri" ilə anlaşsa da, koronavirus testi pozitiv çıxdığı üçün səfərə yollana bilməmiş, keçidi baş tutmamışdı.