Bakıda idman jurnalistləri üçün cüdo üzrə beynəlxalq seminar keçirilir
Beynəlxalq Cüdo Federasiyasının (IJF) media və kommunikasiya rəhbəri, qurumun sülh üzrə kommunikasiya direktoru, qara kəmər sahibi Nikolas Messnerin spikerliyi ilə idman jurnalistləri üçün beynəlxalq seminar keçirilir.
Sportline.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu bildirib ki, bu il ACF-in 50 illik yubileyi qeyd olunacaq. Onun sözlərinə görə, bu seminar yubiley çərçivəsində ilk tədbirdir.
Daha sonra yubileylə bağlı video-çarx nümayiş etdirilib. 50 illiklə bağlı loqoda 50 rəqəmi, ACF abbreviaturası və yapon heroqliflərindən istifadə olunub.
Ardınca Messner çıxış edib. O bildirib ki, Azərbaycana bir neçə dəfə səfər etdiyi üçün ölkədə cüdonun vəziyyətindən məlumatlıdır: "Özüm də 4 yaşımdan cüdo ilə məşğul olduğun üçün həyatım bu idman növündə keçib. London-2012-dən etibarən bir neçə Yay Olimpiya Oyunlarında iştirak etmişəm. Cüdo mənə əxlaqi dəyərləri gətirib. Bu, mənə medaldan da vacibdir".
IJF rəsmisi 1882-ci ildə Yaponiyada yaradılmış cüdonun bir sıra növlərlə müqayisədə gənc olduğunu söyləyib: "Bu döyüş sənətinin yaradıcısı Jiqoro Kano həmin vaxt cəmi 22 yaşında olub. Ailəsi Yaponiyanın məşhur saki içkisinin istehsalı ilə məşğul imiş. İdeyalarının oğurlanmaması üçün qaydaları ingiliscə yazmışdı. Sonradan o, yaponca da yazmağa başladı. Elə bir şey yazmaq istəyirdi ki, dünyaya da açılsın. Hazırda Yaponiyada çox güclü cüdoçular var, onları məğlub etmək demək olar ki, mümkünsüzdür. Amma ən çox cüdoçunun olduğu ölkə Yaponiya deyil".
Əslən Fransadan olan Messnerin sözlərinə görə, hazırda vətənində cüdo ilə 1 milyonadək insan məşğul olsa da, cəmi 2 min nəfəri olimpiya çempionu olmağı hədəfləyib: "Qalanları sadəcə, özləri üçün məşq edirlər".
R.Rəsullu isə bildirib ki, hazırda Azərbaycanda cüdo ilə 10 500 nəfər məşğul olur və onlardan 800-ü peşəkar səviyyədədir.
Daha sonra təlimçi cüdonun fəlsəfəsi barədə məlumat verib.
Seminar praktiki hissə ilə davam etdiriləcək.