"Barsa", yoxsa "Real"?

La Liqanın 31-ci turu əzəli rəqabətlə yadda qalacaq. SportLine.az xəbər verir ki, çempionatın lideri “Barselona” cari mövsüm zirvə yarışında vacib xallar itirən Madrid “Real”ını qəbul edəcək.

Mövsümün ilk oyununda rəqibinə aman verməyən katalonlar “Nou Kamp”da da favorit hesab olunurlar. “Kral klubu”nun çalışdırıcısı Zinəddin Zidan isə matçdan əvvəl keçirilən mətbuat konfransında artıq həmin nəticəni unutduqlarını deyib:

“Bu dəfə azarkeşlər fərqli “Real” görəcəklər. “Nou Kamp”a revanş üçün gəlmişik. Bizi yalnız qələbə qane edəcək”.

Luis Enrike də iddialı çıxışla yadda qalıb:

“Məqsədmiz, çempion olmaqdır. Bu oyun 1-ciliyi təmin etmək baxımımından çox vacibdir. Qazanacağımız 3 xal “Real”la fərqi artırmağımıza imkan yaradacaq. Mövsümün sonuna az qaldığı bir vaxtda bu xallara çox ehtiyacımız var”.

Komandaların aşağıdakı heyətlərlə oyuna çıxacağı ehtimal olunur:

“Barselona”: Bravo, Alba, Pike, Maskerano, Alves, Rakitiç, Buskets, İniesta, Neymar, Suarez, Messi;

“Real”: Navas, Marselo, Ramos, Pepe, Karvahal, Modriç, Kazemiro, Kroos, Ronaldo, Benzema, Beyl.


Qeyd edək ki, “Barselona” – “Real” Madrid görüşünün start fiti Bakı vaxtı ilə 22:30-da səslənəcək.