Baş məşqçi "Qarabağ"ın transferi barədə

“Kopenhagen”in baş məşqçisi Stale Solbakken komandadan ayrılan Uroş Matiçin “Qarabağ”a keçidi haqda fikirlərini bildirib.

Sportline.az xəbər verir ki, 52 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında əvvəlcə serbiyalı yarımmüdafiəçi ilə yolları ayırmalarının səbəbini izah edib:

“Uroşu çox yaxşı tanıyırıq. Həqiqətən əsl peşəkar və yaxşı futbolçudur. Ancaq onu oyun üslubumuza uyğunlaşdırmaq alınmadı. Açıq futbolda yaxşı mübarizə aparırdı, oyun səviyyəsini də inkişaf etdirdi. Ancaq ümid etdiyimiz, istədiyimiz kimi olmadı. Biz məsuliyyətimizi yaxşı dərk edirik və heç bir sərtlik, inciklik olmadan yollarımız ayrıldı".

Solbakken eyni zamanda, Matiçin komandada özünəməxsus iz buraxdığını bildirib: "O, titul qazanmağa kömək etdi, həmçinin Avropa Liqasında “Ayaks”la dramatik oyunlarda komandanın bir hissəsi olaraq mübarizə apardı, klubda iz buraxdı. Uroşa və ailəsinə gələcəkdə ən yaxşı arzuları diləyirik. Onları həmişə “Kopenhagen”də gözləyirik”.
 
Klub Uroş Matiçə təşəkkür edib və uğurlar arzulayıb.

Qeyd edək ki, Danimarka klubu 30 yaşlı futbolçu ilə 1 illik müqaviləni qarşılıqlı razılıqla ləğv edib. 2017-ci ildə “Kopenhagen”ə keçən Matiç daha sonra “Austriya” və “Apoel”də icarə əsasında çıxış edib.