Beynəlxalq tennis turniri sona yaxınlaşır
Portuqaliyada ATP seriyalı tennis turnir sona yaxınlaşır.
Sportline.az xəbər verir ki, mükafat fondu 524 min avro olan “Eştoril Open” turnirinin yarımfinal mərhələsində yunanıstanlı Stefanos Tsisipas və belçikalı David Qoffen qarşılaşıb.
Qoffen bu görüşdə qələbəyə namizəd göstərilsə də, Tsisipas inamlı oyun nümayiş etdirərək rəqibini məğlub edib. İlk setdə David Qoffen 6-3 hesabı ilə qalib gəlib. Növbəti setdə dönüş yaradan Stefanos Tsisipas 6-4 hesabı ilə üstün olaraq setlərdə bərabərliyi təmin edib. Həlledici hissədə də eyni hesabla qələbə qazanan Tsisipas turnirin finalına adalayıb.
Yunanıstan təmsilçisinin fəxri mükafat uğrunda görüşdəki rəqibi uruqvaylı Pablo Kuevas olacaq. Kuevas ispaniyalı Alexandro Davidoviç Fokinanı mübarizədən kənarlaşdırıb. 3 set davam edən qarşılaşmanın ilk hissəsi Fokinanın 6-3 hesablı üstünlüyü ilə yekunlaşıb. Sonrakı setlərdə təşəbbüsə yiyələnən Pablo Kuevas 6-2 hesablı qələbələr sayəsində finala vəsiqə əldə edib.