Böyük Dəbilqə: Cüdoçumuz bürünc medal uğrunda yarışacaq

Azərbaycan millisinin 7 cüdoçusu bu gün Türkiyənin Antalya şəhərində start götürən Böyük Dəbilqədə mübarizəyə başlayıb.

Sportline.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/16 finalda Felipe Dakruza (Livan) qalib gəlsə də, növbəti görüşdə Angelo Pantano (İtaliya) ilə bacarmayıb.

Eyni çəkidə yer alan Rövşən Əliyev ilk qarşılaşmada Dilşot Xalmatov (Ukrayna) üzərində qələbə qazanıb. Lakin 1/8 finalda Dilşodbek Baratovla (Özbəkistan) dueldən məğlub ayrılan idmançı mübarizəni dayandırıb.

66 kq-da Yaşar Nəcəfov təsnifatda Adonis Diasdan (ABŞ) güclü olsa da, növbəti raundda Denis Vieruya (Moldova) uduzub.

Bu çəkidəki digər Azərbaycan təmsilçisi Orxan Səfərov isə ardıcıl olaraq İsayya Ramires (ABŞ), Abubakr Şerov (Tacikistan) və Strahinya Bunçiçi (Serbiya) yenərək yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda Villian Lima (Braziliya) ilə üz-üzə gəlib və məğlub olub. Rəqibinə ipponla uduzan Səfərov bürünc medal uğrunda görüşə çıxacaq.

Qadınların yarışında 48 kq-dakı Şəfəq Həmidova startda Andrea Stoyadinova (Serbiya) məğlub olub. Leyla Əliyeva isə ilk görüşdə Aliani Kubkarbonnel Yuliana (Kuba) qalib gəlsə də, 1/8 finalda Mari Di Varqas Leyə (Çili) uduzub.

52 kq-da yarışan Gültac Məmmədəliyeva 1/16 finalda Govhar İrmaqambetovanu (Qazaxıstan) yensə də, növbəti mərhələdə Çelsi Caylsla (Böyük Britaniya) dueldən məğlub ayrılıb.

Qeyd edək ki, digər 10 cüdoçumuz mübarizəyə 2-3 apreldə qoşulacaq.