"Buna "Qarabağ"ın baş məşqçisi ilə birgə qərar verdik"

"Yüksək səviyyəli komandaya qarşı yaxşı oyun keçirdik".

Sportline.az xəbər verir ki, bunu "Visla"nın (Krakov) baş məşqçisi Adrian Qulya "Qarabağ"la qolsuz heç-heçə etdikləri yoxlama oyunu barədə danışarkən deyib.

47 yaşlı mütəxəssis səviyyə, sürət və intensivlik baxımından belə qarşılaşmanın komandaya lazım olduğunu bildirib:

"Topsuz daha çox işləməli olduq. Amma komanda bunu bacardı. Müdafiənin mərkəzində və orta xətdə boşluqları bağlaya bildik.

Rəqib cinahlardan imkanlar yaratdı. Biz əks-hücumlardan istifadə edə bilmədik. Təəssüf ki, penaltini də boşa verdik. Amma bu matç komandanın düzgün istiqamətdə getdiyini göstərir".

Qulya qarşılaşmanın 90 dəqiqədən çox çəkdiyini xatırladıb: "Buna rəqibin baş məşqçisi ilə birlikdə qərar verdik. Bu, yaxşı qərar idi. Çünki oyunçuları yetəri qədər görmək şansımız oldu".

"Qarabağ" Antalyadakı ilk matçında Rumıniyanın "Qaz Metan" klubu ilə qolsuz heç-heçə edib. Ağdam təmsilçisi ikinci sınağında Serbiyanın "Baçka Topola" klubuna 0:1, üçüncü görüşündə Polşa "Şlyonsk"una 2:3 hesabı ilə uduzub.