Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk 4 cavab matçından sonra həftənin oyunçusu adına namizədlər bəlli olub.

Sportline.az xəbər verir ki, bu ada Almaniyanın "Borussiya" (Dortmund) klubundan Erlinq Holann, Portuqaliya "Portu"sundan Serjiu Oliveyra, İngiltərə "Liverpul"undan Fabinyo və Fransa PSJ-nin qapıçısı Keylor Navas iddia edir.

Holann İspaniya "Sevilya"sı ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə, Oliveyra isə İtaliyada "Yuventus"a əlavə vaxtda 2:3 məğlub olduqları qarşılaşmada dubl edib.

Fabinyonun Almaniya "Leyptsiq"inə 2:0 hesabı ilə qalib gəldikləri görüşdə ötürmələrinin 79 faizi dəqiq olub. Navas isə İspaniya "Barselona"sı ilə 1:1 hesablı bərabərə qardıqları matçda 9 qurtarışla yadda qalıb.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq. Cavab oyunlarından sonra "Portu", "Borussiya", "Liverpul" və PSJ 1/4 finala yüksəlib.