Çüdoçularımızdan sıçrayış

Cüdoçuların dünya reytinqi açıqlanıb.

Sportline.az xəbər verir ki, İsrailin Təl-Əviv şəhərində keçirilən “Böyük dəbilqə” turniri müxtəlif çəki dərəcələrindəki cədvəllərdə dəyişikliklərə səbəb olub.

Azərbaycan cüdoçularının da mövqeyi dəyişib. Yığmamızın 5 üzvü “Top-10”da yer alıb.

Təl-Əvivdə çempionluq yaşayan Məmmədəli Mehdiyev (90 kq) 4 pilləlik sıçrayışla 2-ci sıraya yüksəlib. Onun aktivində 4560 xal var.

İsraildən qızıl medalla dönən Hidayət Heydərov (73 kq) daha çox – 5 addım irəliləyib. 3420 xala malik idmançımız dünyada 3-cüdür.

“Böyük dəbilqə”dəki 5-ci yeri ilə xal hesabını 2945-ə çatdıran Kəramət Hüseynov 4-cü pillədə qərarlaşıb. O, bir addım irəliləyib.

Bu il xal qazanmayan Orxan Səfərov (66 kq) 3275 xalla 6-cı sırada qalıb. İsraildə 3-cü olan Zelim Kotsoyev (100 kq) də bir addım irəliləyib. O, 3352 xalla 8-cidir.

Qeyd edək ki, ən yaxşı qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) 2570 xalla 11-cidir.