Cüdo məşqçiliyi sertifikatı proqramının açılış mərasimi olub

Milli Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkil etdiyi cüdo məşqçiliyi sertifikatı proqramının açılış mərasimi keçirilib.

Sportline.az xəbər verir ki, mərasimdən öncə Türkiyədə zəlzələ nəticəsində vəfat edənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən ACF-in baş katibi Rəşad Rəsullu yekun seminara start verdiklərini bildirib: "Bu proses zamanı əyani seminarlar da təşkil etmişik. Proqramın təşkilində dəstəyə görə, Beynəlxalq Cüdo Federasiyasına (IJF) təşəkkürümü bildirirəm. Akademiyanın məşhur ekspertləri burada iştirak edirlər. Biliklərini ötürdükləri üçün onlara təşəkkürümüzü bildiririk. Bu proqramda məşqçilərimiz cüdo məşqlərini beynəlxalq səviyyədə necə keçmək lazım olduğunu öyrənirlər. Bunu öz klublarında yetirmələrinə aşılaya biləcəklər. Bundan sonra da beynəlxalq təlimlər təşkil olunacaq və biz məşqçilərimizin həmin tədbirlərdə iştirakına çalışacağıq".

Daha sonra nitq söyləyən IJF Akademiyasının direktoru Envik Qalea kursun 12 dildə tədris edildiyini söyləyib: "Azərbaycana xüsusi diqqətlə gəlmişik. Çünki yeganə ölkəsiniz ki, ekspertlərimizi dördüncü dəfə göndəririk. Əminəm ki, cümə və şənbə günü keçiriləcək imtahanı bütün məşqçilər uğurla başa vuracaqlar. Daha yaxşı məşqçi olmaq üçün cüdonun əlifbasını bilməli, 100 texnikanı öyrənməlisiniz".

Qeyd edək ki, cüdo məşqçiliyi sertifikatı proqramında 79 mütəxəssis iştirak edir.