DÇ-2022: Cənubi Amerika zonasının oyunları Avropada keçirilə bilər

Cənubi Amerika zonası üzrə futbol üzrə dünya çempionatının seçmə oyunları Avropada keçirilə bilər.

Sportline.az ESPN-ə istinadən xəbər verir ki, FIFA DÇ-2022-nin seçmə mərhələsinin təşkili ilə bağlı vəziyyəti Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) ilə müzakirə edəcək.

Avropanın bir sıra aparıcı klubları koronavirus pandemiyası səbəbindən tətbiq edilən səyahət məhdudiyyətlərinə görə futbolçularını milli komandalara buraxmaq istəmir.

Cənubi Amerika ölkələri koronavirus geniş yayıldığı üçün Böyük Britaniya tərəfindən "qırmızı siyahı"ya daxil edilib. Britaniya hökumətinin qəbul etdiyi qərara əsasən, Cənubi Amerikaya gedəcək şəxslər geri qayıdarkən, oteldə 10 gün məcburi karantində qalmalıdır və futbolçular üçün istisnalar yoxdur.

Qeyd edək ki, Kolumbiya və Braziliya infeksiyanın yayılmasının qarşını almaq üçün hava nəqliyyatını məhdudlaşdırıb. Bu ölkələrin yığma komandaları martın 26-da Kolumbiyada üz-üzə gəlməlidir.