Elçin Əsədov: "Əziz Şuşa" yarışının qalibi olmaq fərqli hissdir"
"20 ildir velosiped idmanı ilə məşğulam. Dünyanın müxtəlif yerlərində mübarizə aparmışam. Amma belə bir yarışın qalibi olmaq fərqli hissdir".
Sportline.az xəbər verir ki, bunu Azərbaycan millisinin və Türkiyənin "Sakarya BB Pro Team" kontinental klubunun velosipedçisi Elçin Əsədov "Əziz Şuşa" beynəlxalq turnirinin Bakıda keçirilən ilk mərhələsində birinci yeri tutması barədə danışarkən deyib.
Allahdan şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyən idmançı bildirib ki, onlar Şuşanı dişləri, dırnaqları ilə fəth ediblər: "Biz isə oraya velosipedlə gedəcəyik. Şəhidlər, qazilər xalqımıza bu qüruru yaşadıblar. Biz də çalışırıq ki, onlar kimi bayrağımızı uca edək. Heç vaxt bu qədər sevinməmişdim".
Əsədov yarışın Şuşada təşkil olunacaq II mərhələsində də uğur qazanmaq istədiklərini söyləyib: "İdmanda hər şey ola bilər. Bu gün birincisənsə, sabah zədələnərsən, ikinci yeri tutarsan. Biz Şuşaya qalib kimi dönmüşük. Azərbaycan idmançıları da oradakı finişə birinci çatmağa çalışacaq".
Velosipedçi yenidən Azərbaycanda çıxış edə biləcəyini istisna etməyib: "Federasiyamızda dəyişiklik olub, Mədət Quliyev qurumun prezidenti təyin olunub. Gələcəkdə ölkəmizdə böyük velosiped klubu açılsa, buraya müqaviləsiz də qayıdaram. Yeni təkliflərim var. Amma "Sakarya BB Pro Team" komandasında xoşbəxtəm. İkinci ildir oradayam. Onların da mənimlə bağlı xeyli planları var. Türkiyəni öz vətənim kimi hiss etdiyimdən orada qalmağa üstünlük verirəm. Bəhreyn və Fransa komandalarından da təklif almışam. Hamısını ilin sonunda dəyərləndirəcəyəm. Amma hazırkı klubum da mənə yeni müqavilə təklif edib. Onun üzərində düşünürəm".