Elnur Amanov: "Avropa ölkələri arasında yeganə qızıl medalı Azərbaycan qazandı"

"İlk dəfə olaraq yeniyetmələrin dünya çempionatından qızıl medalı Vətənə gətirdik. Bu bizim ilk məqsədimiz idi. Gedəndə də demişdim ki, çalışacağıq tarix yazaq. Şükürlər olsun ki, buna nail olduq".

Sportline.az xəbər verir ki, bunu yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elnur Amanov jurnalistlərə müsahibəsində bildirib.

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçuların dünya çempionatında Azərbaycan 1 qızıl və 3 bürünc medal qazanıb. Mehdi Budaqlı (33 kq) qızıl, Fuad Məhərrəmli (45 kq), Bahadur Dostuyev (49 kq) və Yunis Hüseynov (61 kq) bürünc medal qazanıb. Budaqlı çempionluğu ilə ilk dəfə yeniyetmələr arasında dünya çempionatından qızıl medal qazanan Azərbaycan idmançısı kimi tarixə düşüb.

2008-ci ilin Avropa çempionu olan Elnur Amanov isə daha çox medalların ola biləcəyini bildirib: "Bundan da çox medallarımız ola bilərdi. Bəzi uşaqların təcrübəsi, özünəinamı çatışmadı. Təəssüf edirəm ki, qızlarda medal qazana bilmədik. İki qız idmançımız 1/4 finalda uduzdu. Ümumi götürdükdə, nəticələr qənaətbəxşdir. İlk dəfə 77 ölkə arasında oğlanlarda dünyanın 4-cü komandası olduq. Hətta Avropa ölkələri arasında yeganə qızıl medalı Azərbaycan qazandı. Əlbəttə ki, bu çox uğurlu nəticədir".

45 yaşlı məşqçi bu nəticələrdə təşkil olunan təlim-məşq toplanışlarının da rolunu vurğulayıb: "Gənclər və İdman Nazirliyinə, Azərbaycan Taekvondo Federasiyasına və Milli Olimpiya Komitəsinə təşəkkür edirəm ki, yarışadək bizim üçün təlim-məşq toplanışları təşkil edildi, hətta beynəlxalq turnirdə iştirak etməyimizə şərait yaradıldı. Hamısı bunun nəticəsidir ki, bu medalları qazandıq.

Bakıya gəlməzdən əvvəl gənclərdən ibarət millimizlə bir yerdə idik. Onların yarışı bu gün başladı. Əhval-ruhiyyələri yaxşıdır. İnşallah, onlardan da belə şad xəbərlər eşidəcəyik".