Jelko Kopiç: "Emreli oyundan-oyuna inkişaf edir"

"Emreli bura gələndə formada olmasa da, oyundan-oyuna inkişaf edir".

Sportline.az xəbər verir ki, bunu Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun baş məşqçisi Jelko Kopiç deyib.

45 yaşlı çalışdırıcı "Hayduk"a qarşı ölkə çempionatının 9-cu turundan təxirə salınmış matçdan öncə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxışından danışıb:

 "O, 27-ci turda, məhz "Hayduk"la görüşdə zədə almışdı. Oyunçunun komanda üçün bacardığını etmək istəməsi müsbət haldır. Emrelinin "Dinamo"ya gələndə hansı formada olduğunu bilirik. Onunla yanaşı, bir çox futbolçunu düzgün ritmə qaytarmalı olduq. Mənim üçün ən önəmlisi odur ki, hər kəs klubun uğurları, titulları üçün oynasın və meydanda sonadək mübarizə aparsın".

Qeyd edək ki, aprelin 20-də keçiriləcək "Hayduk" - "Dinamo" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

Emreli "Dinamo" formasıyla 2 qol vurub.