Ənənəvi debüt
Şahmat qədər qədim və maraqlı tarixə sahib idman növü azdır. Bu idmanın tarixi və yaranması ilə bağlı çox rəvayət var. Güman olunur ki, Hindistanda meydana gəlib. Tədricən şərqdə, eləcə də, İranda və ərəb ölkələrində yayılıb. Daha sonra Avropa və bütün dünya şahmatla tanış olub.
Tarix boyu bir neçə dəfə dəyişikliyə məruz qalan şahmat müasir formasını 1497-ci ildə alıb. Həmin vaxt şahmatla bağlı ilk kitabın müəllifi Luçena bu idman növünün yeni qaydalarını müəyyənləşdirib. O vaxtdan bəri şahmat Luçenanın müəyyənləşdirdiyi qaydalarla oynanılır.
Azərbaycanda da şahmatın qədim ənənəsi var. Hələ XI əsrdə yaşamış görkəmli şair Xaqani Şirvani saraylarda satranc (şahmat) oyunlarının təşkilindən danışırdı. Nizami Gəncəvinin, Məhəmməd Füzulinin və digər orta əsr müəlliflərinin əsərlərində də satrancın saraylarda məşhurluğundan, şahların bu idman növünə marağından bəhs olunur.
Fransız yazıçısı Aleksandr Düma öz xatirələrində Azərbaycanda səfərdə olarkən Xurşidbanu Natəvanla şahmat oynaması barədə yazır. Onun qeydlərində Xurşidbanu Natəvanın şahmata marağından danışılır.
Sonralar da dahilər bu idman növünə xüsusi diqqətlə yanaşıblar. Təsadüfi deyil ki, Görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadə oğluna yazdığı məktubda şahmatın sirlərinə yiyələnməyi tövsiyə etmişdi.
Tarixi səhifələsək, görərik ki, Azərbaycanda bu idman növü ilə ilk peşəkar məşğul olan şəxs IX əsrdə yaşamış Cəlaləddin Naxçıvani olub. Həmin dövrə aid bədii ədəbiyyatda onun bu idman növündə göstərdiyi oyun böyük heyranlıqla tərənnüm edilir.
Azərbaycanda müasir şahmatın tarixi XX əsrin əvvəllərindən başlayır. İlk turnir isə 1926-cı ildə Bakı çempionatı adı ilə keçirilib. 8 il sonra ilk dəfə şahmat idman növü üzrə Azərbaycan çempionatı təşkil olunub.
50-ci illərin sonunda istedadlı şahmatçı S.Xəlilbəyli SSRİ idman ustası adına layiq görülmüş ilk azərbaycanlı şahmatçı kimi tarixə düşüb.
Ötən əsrin 70-ci illərindən başlayaraq ölkədə şahmatın inkişafına xüsusi qayğı göstərilib. Həmin illərdə 60-a yaxın uşaq-gənclər şahmat məktəbi tikilib. Bu da tezliklə bəhrəsini verib. Azərbaycan dünya şahmatına Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov və Emil Sutocskiy kimi şahmatçılar bəxş edib.
SSRİ miqyasında və beynəlxalq turnirlərdə bir-birinin ardınca qələbələr qazan Fikrət Sideifzadə, Elmar Məhərrəmov, Aydın Hüseynov, Aynur Sofiyeva, Firuzə Vəlixanlı, İlahə Qədimova da Azərbaycanda şahmata göstərilən dövlət qayğısının nəticəsində yetişiblər.
Müstəqillik dövründə də ölkəmizdə qədim ənənəsi olan şahmatda uğurlarımızın ardı gəlib. 1992-ci ildə qızlardan ibarət seçmə komandamız Filippinin paytaxtı Manila şəhərində Ümumdünya Şahmat Olimpiadasında ilk dəfə çıxış etsə də, 67 komanda arasında 7-ci nəticə göstərməyi bacarıb. Bir il sonra isə həmin komanda Avropa çempionatında bürünc medallara yiyələnib.
Şahmatda, hələ ki, ən böyük uğurlarımız kişilərdən ibarət komandamızın aktivindədir. 2007-ci ildə Krit adasında təşkil olunan Avropa çempionatında bürünc medal qazanan şahmatçılarımız, 2009-cu ildə Serbiyanın Novı Sad keçirilən Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Dörd il sonra Polşanın paytaxtı Varşava şəhərində təşkil olunan qitə birinciliyində komandamız növbəti dəfə ən güclü adına layiq görülüb.
Azərbaycan bu idman növündə mötəbər yarışların təşkilində də yaxından iştirak edib. 2002-ci ildə Bakıda gənclər arasında Avropa çempionatı, bir il sonra isə Naxçıvanda dünya çempionatı keçirilib. 2005-ci ildə Şəkidə, iki il sonra isə Bakıda dünyanın güclü qadın şahmatçılarının iştirakı ilə beynəlxalq turnirlər təşkil olunub. 2008-ci ildə Beynəlxalq Şahmat Federasiyası Qran-Pri turnirlər silsiləsinin ilk mərhələsini Bakıya həvalə edib.
Təxminən, ay yarım sonra isə ölkəmizdə bu idman növündə ən mötəbər yarış hesab olunan Şahmat Olimpiadası start götürəcək. Sentyabrın 1-i başlanacaq yarış 14 gün davam edəcək.
Vüsal Məmmədzadə
Qambit | SportLine.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir