Falkao üçün xüsusi maska hazırlanır

“Qalatasaray” zədəli futbolçusu Radamel Falkaonu qısa müddətdə yaşıl meydanlara qaytarmaq üçün yollar axtarır.

Sportline.az “Fanatik”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi üzündə sınıqlar olan 35 yaşlı hücumçuya uyğun xüsusi maska hazırlatdırır. Maskanın sayəsində Falkao meydanda olarkən onun üzü zərbədən qorunacaq. Buna baxmayaraq, futbolçunun növbəti matça - “Göztəpə” ilə oyunadək hazır olmayacağı bildirilib. Lakin onun aprelin 21-də “Trabzonspor”la görüşdə iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, Falkao ötən gün komandanın səhər məşqi zamanı Kərəm Aktürkoğlu ilə toqquşaraq, zədələnib. Hər iki oynuçu dərhal təcili yardımla xəstəxanaya çatdırılıb. Kərəmin vəziyyətinin yaxşı olduğu bildirilib. Üzündə sınıqlar aşkarlanan Falkaoya isə narkoz altında müdaxilə edilib. Hazırda kolumbiyalı oyunçunun vəziyyəti stabildir.

Qeyd edək ki, Falkao bu mövsüm Superliqada 14 matçda 8 qol vurub və 2 qolun ötürməsini verib.