Fərhad İsmayılov: "Stolüstü tennisçilərdən İslamiadada uğurlu nəticələr gözləyirik"

Stolüstü tennisçilər Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəylik Oyunlarına hazırlığı yekunlaşdırmaq üzrədirlər. Sportline.az xəbər verir ki, seçmə komanda iyulun 21-də Qax Olimpiya İdman Kompleksində başlanan təlim-məşq toplanışını da, başa vurub. Baş məşqçi Mixail Timofeyev və böyük məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında keçirilən hazırlıq prosesində 10 idmançı iştirak edib.

Komandanın böyük məşqçisi Fərhad İsmayılov sonuncu təlim məşq toplanışını belə qiymətləndirib: “İlin əvvəlindən İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşırıq. Bunadək həm ölkə daxilində, həm də, Türkiyədə toplanışlarda olmuşuq. Növbəti təlim-məşq toplanışını da, uğurla başa vurduq. Qax Olimpiya İdman Kompleksində keçirilən hazırlıq prosesində əsasən taktiki və texniki çalışmalara üstünlük verdik. İdmançılarımız 10 gün davam edən məşqlərdə böyük həvəslə iştirak etdilər. Komandanın əhval-ruhiyyəsi yüksək səviyyədədir. Demək olar ki, yarışa tam hazırıq. Avqustun 5-də Konya şəhərinə yola düşəcəyik. Bu tarixədək Bakıda hazırlığın “son akkordları vurulacaq”.  İslamiadada komandamızdan uğurlu nəticələr gözləyirik. Ümid edirəm ki, tennisçilərimiz onlara bəslənən etimadı doğruldacaqlar”.

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunlarında Vəzir Allahverdiyev, Nihad Məmmədov, Emin Məmmədov, Adil Əhmədzadə,  Nəzakət Qarayeva, Ləman Abdulhəmidova, Zemfira Mikayılova və Mərziyyə Nurmətova bacarığını göstərəcək. Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə, görüşləri idarə edəcək.    

Stolüstü tennisçilərin İslam Həmrəyliyi Oyunlarında mübarizəsinə avqustun 7-də start veriləcək.