Fəridə Əzizova: "Bu amil bizə əlavə motivasiya verir"

Mayın 29-dan iyunun 4-dək Bakıda taekvondo üzrə dünya çempionatı keçiriləcək. 

145 ölkə idmançılarının qatılacağı yarışda ölkəmizi 13 idmançı təmsil edəcək. 

Komandamızın liderlərindən olan Fəridə Əzizova Sportline.az-a qarşıdakı sınaqla bağlı hədəfləri açıqlayıb: 

"Dünya çempionatına ciddi hazırlaşırıq. Artıq 1 həftədən də az vaxt qalıb. Çempionatın doğma divarlar arasında keçirilməsi bizə əlavə motivasiya verir. Komandanın düşərgəsində əhval-ruhiyyə yüksəkdir. Bizə bəslənən ümidləri doğrultmağa çalışacağıq".  

 Qeyd edək ki, Bakıda keçirilək dünya çempionatında kişilərin yarışında Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Ələsgər Əliyev (80 kq) və Taleh Süleymanov (87 kq) mübarizə aparacaq.

Qadınların yarışında isə Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Səmərruh Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) bacarığını göstərəcək.