FİFA və UEFA-dan Rusiyaya şok sanksiya
FİFA və UEFA Rusiya milli komandaları və klubları ilə bağlı ciddi sanksiyalar tətbiq edib.
Sportline.az xəbər verir ki, bu barədə hər iki qurumun mətbuat xidməti məlumat yayıb. Rusiya klubları və bütün yaş qrupu üzrə milli komandaları növbəti qərar açıqlanana qədər bütün beynəlxalq yarışlardan kənarlaşdırılıb.
Beləliklə, Rusiya millisi 2022-ci il dünya çempionatının pley-off mərhələsində oynaya bilməyəcək və bununla da Qətərdə təşkil olunacaq mundialı buraxacaq. Komandaya yarımfinalda Polşa ilə matçda texniki məğlubiyyət veriləcək.
Həmçinin, Moskva "Spartak"ı Avropa Liqasının 1/8 final mərhələsində Almaniya "Leyptsiq"i ilə qarşılaşmalarda iştirak etməyəcək. "Leyptsiq" oynamadan 1/4 finala yüksələcək.
Eyni zamanda, iyulun 6-dan 31-dək İngiltərədə keçiriləcək Avropa çempionatında iştirak etməli olan Rusiyanın qadınlardan ibarət millisi turnirdən kənarda qalacaq.
Xatırladaq ki, bu sanksiyalar Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə tətbiq olunub.