"Ginnesin Rekordlar Kitabı"na düşən Azərbaycan şahmatçısı
"Qambit" layihəsi çərçivəsində dünya şahmatının unudulmaz simaları ilə yanaşı, azərbaycanlı şahmatçıları da xatırlayacağıq.
Əvvəlcə, beynəlxalq qrossmeysterimiz Qədir Hüseynov barədə...
Qədir Hüseynov 1986-cı ilin 22 mayında Moskvada doğulub. Şahmatın sirlərini atasından öyrənib. 6 yaşından bu idman növü ilə fəal məşğul olmağa başlayan zəka sahibi çox keçmədən etimadı doğruldub. 1994-cü ildə Rumıniyada təşkil olunan Avropa çempionatında bütün rəqiblərini üstələyən Qədir fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu uğurla 8 yaşlı şahmatçı dünyanın ən gənc FİDE ustası adına layiq görülməklə, həm də "Ginnesin Rekordlar Kitabı"na düşüb. Qədir Hüseynov Azərbaycan şahmatına da adını qızıl hərflərlə yazıdırıb. Belə ki, müstəqillik dövründə şahmat idman növündə ilk qızıl medal Qədirin Avropa çempionatındakı qələbəsi ilə bağlıdır.
Şahmatın sirlərinə Gəncə şəhərində yiyələnən Qədir Hüseynov Respublika Çempionatında üçüncü yeri tutmaqla Avropa çempionatında iştirak hüququ əldə etmişdi. Ancaq həmin vaxt şahmatçının ailəsinin maddi vəziyyətinin aşağı olması səbəbi ilə Qədirin Rumıniyaya getməsi sual altında idi. Həmin vaxt ölkədə də vəziyyət yaxşı deyildi: Azərbaycan düşmənlə müharibə vəziyyətində idi. Xoşbəxtlikdən, yaxın qohumu Qədirin qitə birinciliyinə qatıla bilməsi üçün maddi kömək göstərir. Məhz bunun sayəsində şahmatçımız Avropa çempionatında iştirak edir və özünü doğruldur.
Qədirin ilk məşqçisi idman ustalığına namizəd olan Şahin Hacıyev idi, daha sonra onu məşqçi Qurviç çalışdırmışdı. 1998- ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dörd ən güclü şahmatçını qəbul etmişdi. Onların arasında gənc istedadlı şahmatçı Qədir Huseynov da var idi.
2002-ci ildə 15 yaşında ikən beynəlxalq qrossmeyster normasını yerinə yetirən Qədir Hüseynov ölkəmizi bir-birindən mötəbər yarışlarda təmsil etmək imkanı qazanıb.
2009-cu ildə Azərbaycanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Prezident Kuboku" adlı beynəlxalq şahmat yarışında seçmə komandamızın şərəfini qoruyub. Sentyabr ayında Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında da Qədir Hüseynov etimadı doğrultmağa çalışacaq.
Mötəbər yarış ərəfəsində şahmatçımız hazırlıqları yüksək dəyərləndirib:
"Bakı Şahmat Olimpiadası hər bir şahmatçı üçün çox vacibdir. Olimpiadaya tam hazır olmaq üçün təlim-məşq toplanışlarının köməyi böyükdür. Komandada mehribanlıq var. Şahmatçılar bir-birini yaxşı başa düşür. Mötəbər yarışda layiqincə iştirak etmək üçün əlimizdən gələni edəcəyik".
Vüsal Məmmədzadə
Qambit | SportLine.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir