Hacı Əliyev: "Avropa çempionatına tam hazır deyildim"
"Dördüncü dəfə Avropa çempionu olmaq istəyirdim, lakin tam hazır deyildim".
Sportline.az xəbər verir ki, bunu Macarıstanın paytaxtı Budapeştdə 65 kq çəki dərəcəsində Avropa vitse-çempionu olan Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
31 yaşlı pəhləvan bildirib ki, hədəfi olimpiya çempionluğudur: "Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra bir neçə aylıq fasilə götürdüm. İstirahəti başa vurduqdan sonra düşündüm ki, cəmi 2 ildən sonra növbəti olimpiadadır və Paris-2024-də iştirak edə bilərəm. Artıq gələn il ilk lisenziya yarışı olacaq. Avropa çempionatı öncəsi millinin sonuncu təlim-məşq toplanışında iştirak etdim və yenə də medalsız gəlmədim. Yaxşı nəticə göstərdim. Hədəfim Olimpiya çempionluğudur. İnanıram ki, Parisdə qızıl medal qazanacağam".
Əliyev Avropa çempionatının finalında Macarıstan təmsilçisi İsmail Musukayevə uduzmasının səbəbini də açıqlayıb: "Musukayev yaxşı rəqibdir. İlk hissədə ayağım ilişdi və “xaç” fəndinə görə rəqib 6 xal qazandı. Özümdən asılı olmadan bu vəziyyətə düşdüm. Onun məndən güclü və məğlubedilməz olduğunu düşünmürəm. Sadəcə, bu dəfə görüş alınmadı. Bu, Olimpiadadan sonra ilk yarışım idi. Məndən fərqli, digər komanda yoldaşlarımın yarış təcrübəsi var idi. Bu da finalda rol oynadı".
3 qat dünya və 3 qat Avropa çempionu ümumi hesabda birinci yeri tutan Azərbaycan yığmasını təbrik edib. O, komanda yoldaşlarının çox yaxşı güləşdiklərini bildirib. Əliyev yeganə qızıl medalı qazanan Məhəmmədxan Məhəmmədovla (97 kq) yanaşı, digər pəhləvanların da yüksək potensiala malik olduqlarını vurğulayıb: "Maqomedxan güclü güləşçidir. Üzərində çalışsa, olimpiya çempionu ola bilər. Ancaq tək o yox, olimpiya çempionu ola biləcək digər güləşçilərimiz də var. Heyətimizdə məndən başqa hamısı gəncdir. Avropa çempionatındakı qələbə Paris-2024-də bizi yaxşı nəticələrin gözlədiyini göstərir” (Report.az).
Qeyd edək ki, Avropa çempionatına baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi yarışa tam heyətlə yollanan Azərbaycan millisinin 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb. Maqomedxan Maqomedov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc medal qazanıb. Yekunda 159 xal toplayan Azərbaycan yığması ümumi komanda hesabında Avropa çempionu olub.