Hacı Əliyev bürünc medal uğrunda görüşəcək, Şərifov ilk qarşılaşmada uduzdu
Azərbaycanın iki sərbəst güləşçisi Hacı Əliyev və Şərif Şərifov Polşanın paxtaxtı Varşavadakı "Poland Open" turnirində mübarizəyə başlayıb.
Sportline.az xəbər verir ki, 3 qat dünya və 3 qat Avropa çempionu Əliyev çəki salmamaq üçün 70 kq-da yarışıb.
O, A qrupunda Sirociddin Həsənov (Özbəkistan), Sirbaz Talqat (Qazaxıstan) və Zurabi Yakobişvili (Gürcüstan) ilə dueldən qalib ayrılıb. Təcrübəli idmançı yarımfinalda Alek Pantaleonun müqavimətini qıra bilməyib. Əliyev bürünc medal uğrunda görüşdə Zurabi Yakobişvili (Gürcüstan) ilə üz-üzə gələcək.
Şərif Şərifov isə pley-off sistemi ilə yarışıb və debütdə İtaliya təmsilçisi Abraham Ruanoya xalların keyfiyyəti prinsipinə əsasən məğlub olub.
Bakı vaxtı ilə saat 20:00-da medallar uğrunda qarşılaşmalara start veriləcək.