Hidayət Heydərov da medalsız qaldı

Qətərin paytaxtı Dohada keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.

Sportline.az xəbər verir ki, bu gün 73 kq. çəkidə mübarizə aparan cüdoçumuz Hidayət Heydərov 1/16 finalda Adil Osmanova (Moldova), 1/8 finalda Cek Yonezukaya (ABŞ), 1/4 finalda isə Artur Margelidona (Kanada) qalib gəlib. İkiqat Avropa çempionumuz yarımfinalda italiyalı Manuel Lombardo ilə bacarmayıb.

Heydərov bürünc medal uğrunda görüşdə yaponiyalı altıqat dünya çempionu Soişi Haşimoto ilə qarşılaşıb və rəqibinə uduzub. Bununla da o, karyerasında 4-cü dəfə dünya çempionatının bürünc medalını qazanmaq şansını əldən verib.

Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Mayın 10-da Səid Mollayi (81 kq) mübarizəyə qoşulacaq.