İdman saytları bəyanat yaydı!
Bir qrup idman saytı "Neftçi" PFK-nın Müşahidə Şurasının üzvü Bəhram Bağırzadənin bir neçə gün əvvəl işlətdiyi ifadələrə etiraz edir. KİV-lər sabiq KVN-çinin ümumi medianı hədəfə almasına qarşıdır və ifadələrində yanlışlığa yol verdiyini, üzr istəməli olduğunu qeyd edir. O bəyanatı olduğu kimi sizə təqdim edirik:
Bəyanat!
Bir neçə gün əvvəl “Neftçi” PFK Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə öz feysbuk səhifəsi vasitəsilə bəyanat yaymış, azad idman mediasının ünvanına yersiz ittiham və ifadələr işlətmişdi. Sözügedən bəyanatın ağır məğlubiyyət sonrası yazıldığını, hisslərin soyuq başla düşüncəyə güc gəldiyini nəzərə alaraq gözləməyi, klub rəsmisinin sözlərinə düzəliş edəcəyi, üzr istəyəcəyini düşündük. Ancaq hələ də heç bir dəyişiklik yoxdur.
Bu səbəbdən də bu bəyanata qoşulan KİV-lərin nümayəndələri olaraq Bəhram bəyin diqqətinə çatdırırıq: “Komandanın uğursuz nəticələrinin mətbuatın üzərinə yıxılması özü-özlüyündə absurddur. Bəyanatınızda ümumiləşdirərək dediyiniz rüşvətxor media ifadəsinə görə isə üzr istəməyinizi gözləyirik. Aşağıda adları qeyd olunan media nümayəndələri olaraq 3-5 nəfərin hərəkətinə görə adımızın ləkələnməsinə yol verə bilmərik. İfadələrinizdə konkret kimləri, ümumiyyətlə rüşvət dedikdə nəyi nəzərdə tutduğunuzu açıqlamağınız da gərəkdir. Çünki ovaxtkı verilənlər rüşvət idisə, sizin də təmsil olduğunuz rəhbərliyin hazırda etdiyi nədir? Siz “Neftçi” üçün stadionlardan çəkilməyən, yay-qış, isti-soyuq demədən oyunlarda, müxtəlif tədbirlərdə iştirak edərək işini vicdanla görənlərin əziyyətini yerə vurur, jurnalist fəaliyyətini görməzdən gəlirsiniz. Hisslərin güc gəldiyi bəyanatın soyuq başla izahı və üzrxahlığınızı eşidəcəyimizə, bununla aramızdakı narazılıqların daha da böyüməsinə imkan verməyəcəyinizə inanırıq”.
Bəyanat aşağıdakı KİV-lər tərəfindən birgə hazırlanıb:
Rekord.az
Fanat.az
Futbolpress.az
Komanda.az
Sport7.az
Korner.az
Futbolxeber.az
Sportinfo.az
Qol.az