İdmançımız 3 qat Avropa çempionudur

Kosovonun paytaxtı Priştinada 15 və 17 yaşadək ağırlıqqaldıranların Avropa çempionatında seçmə komandamızın aktivinə daha bir medal yazılıb. Sportline.az  xəbər verir ki, yaşı 17-dək olan qızların 53 kq çəki dərəcəsində mübarizəsində Səbinə Əzimova qızıl medala sahib olub. O, birdən qaldırma hərəkətində hər 3 yanaşmasını uğurla yerinə yetirib və 78 kq-la  2-ci olub. Əzimova təkanla qaldırma hərəkətində 96 kq çəkini ram edərək, yenə 2-ci yeri tutub. İki hərəkətin cəmində isə idmançımız  174 kq (78  kq + 96 kq) nəticə ilə bütün rəqiblərini üstələyib.

Beləliklə, Əzimova yeniyetmələr arasında 3 qat Avropa çempionu olub. O, həm də yaşı 15-ə qədər olan qızların 53 kq çəkidə rekordçusudur. 

Qeyd edək ki, Avropa çempionatında 40-dək ölkədən 305 atlet (175 oğlan və 130 qız) qüvvəsini sınayır.