IJF Akademiyasının proqramında iştirak edən məşqçilərə sertifikatlar təqdim olunub
Beynəlxalq Cüdo Federasiyasının (IJF) Akademiyasının məşqçi sertifikat proqramında iştirak edən məşqçilərə sertifikatlar təqdim olunub.
Azərbaycan Cüdo Federasiyasından (ACF) Sportline.az saytına verilən məlumata görə, tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, vitse-prezident Zemfira Meftahətdinova, ACF-in vitse-prezidenti Elnur Məmmədli və IJF Akademiyasının direktoru Envik Qalea məşqçilərə Beynəlxalq Olimpiya Komitəsinin iştirakçı sertifikatlarını təqdim ediblər.
Daha sonra Elnur Məmmədli tərəfindən proqramın həyata keçirilməsində göstərilən dəstəyə görə Milli Olimpiya Komitəsinə, IJF Akademiyasına və “Judo Club 2012”yə təşəkkür plaketi təqdim olunub.
ACF-in IJF Akademiyası ilə 2022-ci ilin martında başlayan əməkdaşlığı nəticəsində qeyd edilən proqrama 80-dən yuxarı cüdo məşqçisi cəlb edilib. Nəzəri imtahanları uğurla başa vuran mütəxəssislər əyani surətdə imtahan verərək müvafiq sertifikatı əldə etmək imkanı qazanıblar.
Seminar və imtahan IJF Akademiyasının direktoru Envik Qalea, Akademiyanın proqram rəhbəri Dr. Tibor Kozsla, Akademiyanın idman direktoru Daniel Laskau və digər ekspertlər (ümumilikdə 10 ekspert) tərəfindən keçirilir.
Qeyd edək ki, proqram MOK və ACF-in təşkilatçılığı, Beynəlxalq Olimpiya Komitəsi Olimpiya Həmrəyliyi Fondunun maliyyə və IJF-nin texniki dəstəyi ilə baş tutur.