İngiltərə millisinin sabiq üzvü "Keşlə"də
"Keşlə" klubu növbəti transferini həyata keçirib.
Sportline.az xəbər verir ki, bakılılar 25 yaşlı Natan Oduva ilə anlaşıb.
Bu haqda "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov məlumat verib: "Baxışa dəvət etdiyimiz legionerlərdən Natan Oduvanı saxlamağı qərara aldıq. Düzdür, hələ transferi rəsmiləşməyib. Ancaq onu bəyənmişik, razılığa gəlinib. Mövsümün qalan hissəsində bizə kömək edəcək".
Qeyd edək ki, "Tottenhem"in yetirməsi olan Nigeriya əsilli Oduva Hotspur təmsilçisində rəsmi matça çıxmayıb. Müxtəlif klublarla yanaşı, 2015/2016 mövsümündə icarə əsasında Şotlandiya "Reyncers"ində də çıxış etmiş yarımmüdafiəçi 2017-ci ilədək müqavilə ilə "Tottenhem"ə məxsus olub. Ardından Lyublyana "Olimpiya"sında (2017/18) top qovan Natan Danimarka "Vayle"si (2018) və İsrail "Hapoel Hadera"sında (2019) bəxtini sınayandan sonra - 2020-ci ildə İrlandiyanın "Dandolk" komandasına keçib. İrlandiya təmsilçisi ilə vidalaşan oyunçu hazırda azad agent statusu daşıyır.
Bir vaxtlar böyük perspektiv vəd edən yeniyetmələrdən sayılan Oduva İngiltərənin U-17 (7 oyun), U-18 (2) və U-20 (3) millilərinin formasını geyinməyə imkan tapıb. 185 santimetr boya malik hücumameyilli yarımmüdafiəçi tarixi vətəninin U-23 millisində də 4 matça çıxıb. Maraqlıdır ki, sözügedən futbolçu iki ölkənin müxtəlif yaş qrupları üzrə yığmalarında 1 qol belə, vura bilməyib.
fanat.az