İtaliya Kuboku: "Fiorentina" azlıqda qələbə qazanaraq yarımfinala çıxıb

Futbol üzrə İtaliya Kubokunda yarımfinalın növbəti iştirakçısı bəlli olub.

Sportline.az xəbə verir ki, səfərdə "Atalanta"nı 3:2 hesabı ilə məğlub edən "Fiorentina" adını ən güclü 4 komanda arasına yazdırıb.

Oyunda ilk qolu qonaqlar vurublar. Kşiştof Pyontek 9-cu dəqiqədə penaltidən fərqlənib. Yarım saatın tamamında Davide Zappakosta tarazlığı bərpa edib. 56-cı dəqiqədə Jeremi Boqa hesabı Berqamo təmsilçisinin xeyrinə dəyişib. Lakin 71-ci dəqiqədə yenidən səhnəyə çıxan Pyontek hesabı bərabərləşdirib. 8 dəqiqə sonra "Fiorentina"nın heyətində Lukas Martines ikinci sarı vərəqəni görərək meydandan qovulub. Buna baxmayaraq, florensiyalılar görüşün əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə qələbə topunu vurublar. Bu dəfə Nikola Milenkoviç adını tabloya yazdırıb.