Karlsen Nepomnyaşi ilə heç-heçə edərək xal fərqini qoruyub
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində norveçli hazırkı dünya çempionu Maqnus Karlsen və İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda 10-cu görüş keçirilib.
Sportline.az xəbər verir ki, Karlsenin ağ, Nepomnyaşinin isə qara fiqurlarla oynadığı partiya 41-ci gedişdə sülhlə yekunlaşıb. Bu nəticədən sonra hesab arasındakı fərq dəyişməyib. Karlsen hələlik 6,5:3,5 hesabı ilə rəqibini üstələyir.
Tərəflər arasında 11-ci qarşılaşma dekabrın 10-da olacaq. Bu dəfə Karlsen qara, Nepomnyaşi isə ağ fiqurlarla mübarizə aparacaq.
Şahmatçılar dekabrın 14-dək ümumilikdə 14 dəfə üz-üzə gələcəklər. Bu oyunların yekununda heç-heçə qeydə alınacağı təqdirdə, sürətli şahmat üzrə 4 partiya keçiriləcək. Yenə qalib müəyyənləşməsə, əvvəlcə 2, ehtiyac yaranarsa, daha 5 blits partiya olacaq. "Sülh" davam etsə, "Armageddon"a müraciət olunacaq.
Qalib 1,2 milyon avro, məğlub tərəf 800 min avro qazanacaq.
Qeyd edək ki, Maqnus Karlsen 2013-cü ildə hindistanlı Vişvanatan Ananda qalib gələrək, karyerasında ilk dəfə dünya çempionluğuna yiyələnib. Karlsen daha sonra 4 dəfə titulunu qoruyub.