Komandamız Avropa çempionatında mübarizəyə başlayır

Bu gün Azərbaycanın 6 cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

Sportline.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev 1/16 final mərhələsində Savva Karakizidi (Yunanıstan), eyni çəkidəki Əhməd Yusifov Riko Bernabeu (İspaniya) ilə üz-üzə gələcək.

66 kq-da yarışan Yaşar Nəcəfov 1/16 finalda Radu İzvoryanu (Moldova), İbrahim Əliyev Tal Fliker (İsrail) ilə görüşəcək.

Qadınlardan 48 kq çəkidə yer alan Şəfəq Həmidova 1/8 final mərhələsində Xuliya Figeroanın (İspaniya), Ramilə Əliyeva Katarina Koştanın (Portuqaliya) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Azərbaycan Avropa çempionatında 11 cüdoçu ilə təmsil olunur. Mayın 1-də başa çatacaq yarışda 40 ölkədən 361 idmançı (207 kişi, 154 qadın) iştirak edir.