"Lion" - "Bavariya": Baş məşqçi fikirləri
UEFA Çempionlar Liqasının yarımfinalında “Lion” “Bavariya” ilə qarşılaşacaq.
Sportline.az xəbər verir ki, Fransa komandası ¼ finalda “Mançester Siti”ni mübarizədən kənarlaşdırıb. “Bavariya” isə “Barselona”ya böyük hesabla qalib gəlib. “Lion”la Münhen komandası Çempionlar Liqasında 8 dəfə qarşılaşıb. Bu görüşlərdə almaniyalıların üstünlüyü var. “Lion”un baş məşqçisi Rudi Qarsiya oyunun çətin keçəcəyini bildirib.
“Oyun bizim üçün heç də asan olmayacaq. Rəqib komandanın “Barselona” üzərində böyük hesablı qələbəsi bunu deməyə əsas verir. Amma bu bizi qorxutmur. Lissabona fəxri mükafat ardınca gəlmişik”.
“Bavariya”nın baş məşqçisi Hans-Diter Flik isə iddialı danışıb.
“Biz qarşımıza məqsəd qoymuşuq. Çempionlar Liqasının kubokunu qazanmaq üçün istənilən rəqiblə qarşılaşmağa hazırıq. “Lion” güclü komandadır. Yaxşı oyunçuları var. Onlara hörmətlə yanaşırıq. Meydana yalnız qələbə üçün çıxacağıq”.
Qeyd edək ki, “Lion” – “Bavariya” görüşü bu gün Bakı vaxtı ilə saat 23-də başlanacaq.