Mahir Məmmədov: "Dünya şahmat təqvimində özümüzü yenidən tanıtdıracağıq"

"Azərbaycanda Vüqar Həşimov Memorialının təşkil olunması çox gözəl hadisədir. Hazırda pandemiya dövrü olsa da, çox şadam ki, bu cür tədbir keçirilir Buna görə də Vüqar Həşimov Fonduna təşəkkürümü bildirirəm".

Sportline.az xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Vüqar Həşimovun xatirə turnirinin mətbuat xidmətinə açıqlamasında deyib.

Yarışın Təşkilat Komitəsinin üzvü olan M.Məmmədov görülən işləri yüksək qiymətləndirib: "Çox qısa zamanda məşhur şahmatçıların ölkəmizə gəlişlərini təmin etmək asan məsələ deyil. SOCAR da bu yarışda öz ənənəsinə sadiq qalaraq, sponsorluq xidmətini davam etdirir. Bunlar bizim üçün sevindirici hallardır. Baxmayaraq ki, ötən il memorial pandemiya səbəbindən baş tutmadı. Lakin 2021-ci ildə biz əsas ənənələrimizdən biri olan Vüqar Həşimov Memoralının keçirilməsini bərpa edə bildik. Azərbaycan bu turnirlə dünya şahmat təqvimində özünü yenidən tanıtdıracaq. Ümid edirəm ki, gələn il bu ənənə daha dolğun şəkildə, sərbəst şəraitdə və hər birimizin arzuladığı kimi işğaldan azad olunmuş torpaqlarımızda təşkil olunacaq".

Həşimovun Azərbaycan şahmatında misilsiz xidmətləri olduğunu deyən federasiya rəhbəri qeyd edib ki, mərhum qrossmeyster heç bir şahmatçı ilə müqayisə olunmayan, öz oyun üslubu, şahmat nəzəriyyəsini dərin bilməsi, şahmata olan sadiqliyi, möhkəm xarakteri, şahmat nəzəriyyəsini irəli aparmaq istəyi və mübarizəsi ilə hər zaman seçilən zəka sahibi olub: "Bir çox dünya şahmatçıları özləri də qeyd edirlər ki, Vüqar Həşimovun şahmat nəzəriyyəsinə verdiyi töhfələr çoxdur və hazırda gündəlik fəaliyyətimizdə də istifadə olunur. Çox təəssüf ki, Vüqar qısa, lakin çox parlaq bir ömür yaşadı. O, həm şəxsi turnirlərdə, həm də dünyaca məşhur yarışlarda öz imzasını ataraq, Azərbaycanın qələbə qazanmasına birbaşa köməklik edib. Dünyada ilk Qran-Prinin qalibi Vüqar Həşimovdur. Azərbaycanın ilk Avropa çempionluğu qələbəsi də məhz onun adı ilə bağlıdır və bu, onun son gedişi idi. Bunlar heç vaxt unudulmayacaq".

Qeyd edək ki, bu gün start götürəcək və dekabrın 24-dək davam edəcək superturnirdə qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Riçard Rapport (Macarıstan), Vişvanatan Anand (Hindistan) və David Navara (Çexiya) mübarizə aparacaq.