Maqnus Karlsen: "Şəmkir karyeramda özünəməxsus yer tutur"
Mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirində VIII turun görüşləri keçirilib.
Sportline.az xəbər verir ki, mərkəzi görüşdə Rusiya təmsilçisi Sergey Karyakini məğlub edən dünya çempionu Maqnus Karlsen yarışda qələbəni təmin edib. Norveçli şahmatçı partiyadan sonra jurnalistlərin suallarına cavab verib.
- Sizi qələbə münasibətilə təbrik edirik. Vaxtından əvvəl qələbə qazanmaqla birinciliyi təmin etdiniz.
- Təbriklərə görə təşəkkür edirəm. Sergey Karyakinlə oyun maraqlı alındı. Risk etdi, açıq mübarizə apardı. Karyakinin qalib gəlmək istəyi aşkar görünürdü. Bu qələbə mənə yarışda qalib olmağa imkan verdi. Əvvəlcə düzgün gediş etmədi, sonra isə vaxta nəzarəti itirdi.Vaxtı azaldıqca vəziyyəti pisləşirdi. Vaxtından əvvəl qələbə qazanmaq çox sevindiricidir.
- "Shamkir Chess 2019" ən yadda qalan görüşünüz hansı oldu?
- VII turda Giriylə görüş çox maraqlı alındı. Eləcə də Karyakinlə partiyanı qeyd edə bilərəm. Bəzən nəticə yaxşı olur, oyun alınmır. Amma hər ikisi baxımlı oldu. Ümumiyyətlə, əksər rəqiblər risk etmədi. Sergey Karyakin isə həlledici görüşdə qələbəyə oynadı.
- Şəmkirin adı çəkiləndə yadınıza ilk olaraq nə düşür?
- Şəmkir sakit şəhərdi. Ona görə burada şahmat oynamaq həmişə xoş hislər yaradır. Şəmkir deyəndə, sözsüz, şahmatı xatırlayıram. Dörd dəfə bu yarışda çempion olmuşam. Şahmat karyeramda özünəməxsus yer tutur. Şəmkirdə əksər insanları hər il yarışda görürəm. Şəmkir deyəndə həm də burada çalışan şahmat ailəsini yada salıram. Mənə göstərilən diqqətə görə təşəkkür edirəm.
- "Shamkir Chess"in dördqat qalibi oldunuz. Uğurun sirrini açıqlaya bilərsiniz?
- Uğurun sirri? Sirr yoxdur. Dörd il ərzində iki-üç oyunda bəxtim gətirib. Digər bütün oyunlarda maksimum yaxşı oynamağa çalışmışam. Vüqar Həşimov Memorialının təşkilatçılığı yüksək səviyyədədir. Təşkilatçılar hər incə məqamı nəzərə alıb. Şahmat oynamaq üçün əla şərait yaradılıb. Bəzən turnirlərdə kiçik təşkilati işləri həll etməyə çalışırsan. Şəmkirdə isə ancaq şahmat haqqında düşünürsən. Şəmkirə gəlmək həmişə xoşdur.
- 2014-cü ildə ilk dəfə "Shamkir Chess" superturnirində qalib gəlmisiniz. Beş il əvvəlki Maqnusla indiki arasında fərq nədir?
- Maraqlı sualdır. Beş il əvvəl reytinqim fərqli idi. Şahmata daha incə yanaşırdım. Hazırda komandam daha təcrübəlidir. Çempionluğu qorumaqla hər dəfə daha çox çalışmaq barədə düşünürəm. Beş il əvvəl ilk dəfə qələbə qazanmağı düşünürdüm. İndi isə titulu qorumağı istəyirəm. Maqnus yəqin az da olsa dəyişib.
- İlin sonunda çoxlu sayda təklifləriniz olur. Gələn il Şəmkirdən gələn dəvəti daha tez qəbul edəcəksinizmi?
- Şəmkirdə oynamaq xoşdur. Buradakı insanlar qonarpərvərdir. Mənə çox diqqətlə yanaşırlar. Şəmkirdən gələn dəvəti hər zaman qəbul etməyə çalışacam.
- İstirahət günündə futbol oyununda çox əsəbləşdiniz. Səbəbini bilmək olar?
- İlk növbədə hislərimi cilovlaya bilmədiyim üçün üzr istəyirəm. Uduzmağı sevmirəm. İlk oyunda qol vurmaqda çətinlik çəkdik. Ona görə əsəbləşdim. Zalda oynanılan futbolda bu qədər kobudluq olmaz. Bəzi oyunçular çox kobud mübarizə apardı. Hakim isə qərar qəbul etməkdə çətinlik çəkirdi. Bizim oyunçuya qarşı kobudluq oldu, amma hakim heç nə demədi. İstənilən halda futbol maraqlı alındı.
- Çempionluq görüşündə Sergey Karyakin və Fabiano Karuanayla partiyalarınızın yekunu heç-heçə bitdi. Yalnız tay-brekdə qalib oldunuz. Onlara qarşı çətinlik çəkməyinizin səbəbi nədir?
- Hər ikisiylə tay-brekdə görüşdük. Turnirlərdə risk etmək olur. Amma şahmat tacı uğrunda görüşdə risk etmək düzgün deyil. Rəqiblər qapalı oynayır. Belə halda qələbəyə oynamaq alınmır. Üstünlük qazanmırsan. Adətən, həmişə tay-brekə qədər uğur qazanmağa çalışıram.
- Dünya çempionu kimi heç kim sizi tituldan məhrum edə bilmir. Demək olar ki, biz Maqnus Karlsenin dövründə yaşayırıq
- (gülür) Deyə bilərsiniz. Amma titulumu qorumaq üçün çox çalışıram. Bütün komandam çox işləyir.
- Bakıda Vüqar Həşimov Şahmat Akademiyası fəaliyyət göstərir. Orada hazırlaşan uşaqlar sizinlə görüşmək istəyir. Bakıya yolunuz düşəndə akademiyaya getmək planınız var?
- Hazırda vaxt yoxdur. Amma Vüqar Həşimov Şahmat Akademiyasına getmək barədə düşünürəm. Bakıda olanda mütləq ora baş çəkəcəm.
- Sevimli klubunuz "Real"da dəyişiklik oldu. Ronaldo getdi, Zidan yenidən klubun sükanı arxasına keçdi. Münasibətinizi bilmək istərdik.
- Zidanın "Real"a qayıtmağı yaxşı xəbər idi. Onun qayıdışına hamı sevindi. Bax, Ronaldo komandanı tərk etməkdə düz etmədi. Bu qərarı başa düşmək çətindir.