Məmmədyarov və Rəcəbov Qran-pridə
Dünya Şahmat Federasiyası - FIDE "Qran-pri"də iştirak edəcək şahmatçıların siyahısını təqdim edib. SportLine.az xəbər verir ki, 4 ölkədə təşkil olunacaq yarışda Azərbaycan iki qrossmeysterlə - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla təmsil olunacaq.
İlk "Qran-pri" mayın 16-30-da Rusiyanın paytaxtı Moskvada, növbəti turnir iyulun 11-25-də Latviyanın paytaxtı Riqada keçiriləcək. Almaniyanın Hamburq şəhəri noyabrın 4-18-də yarışa ev sahibliyi edəcək. Sonuncusu isə dekabrın 10-24-də İsrailin paytaxtı Təl-Əvivdə olacaq.
Rəcəbov Riqadakı, Məmmədyarov isə Hamburqdakı turnirə qatılmayacaq.
Qeyd edək ki, FIDE "Qran-pri"ləri 2020-ci il İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib. Turnirin hər bir mərhələsində 16 şahmatçı, o cümlədən tədbirin təşkilatçıları tərəfindən irəli sürülən bir nəfər iştirak edəcək. Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Hər bir mərhələnin mükafat fondu 130 min avro təşkil edəcək. FIDE əlavə olaraq 280 min avroluq mükafat fondunu "Qran-pri" seriyasında ən yaxşı nəticələrə əsasən bölüşdürəcək.